Bakının bir sıra apteklərində bəzi dərmanların satışı dayandırılıb. Qazeta.info bildirir ki, Bakı sakini Səxavət Əmirov ans press-ə bildirdi ki, iki-üç gün ərzində müraciət etdikləri bir çox apteklərdən ürək üçün nəzərdə tutulan "Genopril combi" və "Prestans" dərmanlarını ala bilmirlər. "Aptek satıcıları dərmanın qurtardığını deyirlər. Onlar bildirirlər ki, fevralın 25-dən yeni qiymətlər qüvvəyə minəcək deyə dərmanları gətirmirik", - deyə alıcı bildirdi.
Əlaqə saxladığımız apteklərdən də bəzi yeni dərmanların gətirilmədiyini təsdiqlədilər. Satıcılar bildirdilər ki, dərmanları baha qiymətə almaq istəmirlər. Bu, onların ziyanla işləməsi deməkdir. Nəticədə 3-4 müştərisini itirməkdən qorxmayan apteklər bu növ dərmanları gətirməkdən imtina edirlər.
“Tarif Şurasının qərarı ilə fevralın 25-dən bəzi dərmanların qiymətləri aşağı endiriləcək. Buna görə də dərmanı baha alıb, qərar qüvvəyə mindikdən sonra ucuz satmaq istəmirik. Hazırda bəzi dərmanlar bitsə də onu gətirmirik. Çünki bizə sərf etmir”, - deyə satıcı bildirdi.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev açıqlamasında bildirdi ki, adıçəkilən dərmanlar əksər apteklərdə var. "Həmin dərmanlarla bərabər hətta onların eyni təsirediciləri də satışdadır. İstəyənlər o dərmanları əldə edə bilərlər".
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildirildi ki, onlar dərmanın keyfiyyətinə nəzarət edirlər. Ayrı-ayrı sahibkarların aptekdə hansı dərmanı satıb-satmamasına qarışa bilmirlər.
Ümumilikdə, dərmanların qiymətlərində Tarif Şurasının qərarı ilə il ərzində bir neçə dəfə tənzimlənmələr aparılır. Ona görə də hər dəfə qiymət dəyişikliyinin qüvvəyə mindiyi ərəfədə bu cür hallara rast gəlinir və insanlar bəzi dərmanları tapmaqda çətinlik çəkirlər.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, hər hansı bir sahibkarın dərmanı xaricdən gətirməsi və dərmanların qiymətləndirilməsi prosesinə hökumət tərəfindən ciddi nəzarət olmalıdır.
“Məsələn, 1 dərmanın Azərbaycana gətirilməsi xərci 20 manata çıxır. Daha sonra dövlət həmin dərmanın qiymətini 11 manata müəyyən edir. Buna görə də sahibkar ziyana düşə bilər. Bu səbəbdən dövlət tərəfindən bütün dərmanlar çox çevik şəkildə qiymətləndirilməlidir. Sahibkarlar da bilməlidir ki, hansı dərmanı gətirmək ona sərf edir, hansını etmir. Dərman qıtlığının qarşısı dövlət tərəfindən alınmalıdır”, - deyə millət vəkili bildirdi.
Sabahdan etibarən Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş daha 1940 dərman vasitəsinin yeni qiymətlərlə satışına başlanılacaq. Ümumilikdə 5651 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə satışda olacaq. İndiyədək Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 5651 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 3711 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır.
Tarif Şurası 600-dən çox dərmanın qiymətini fevralın 4-də təsdiqləyib. İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin manatın məzənnəsində baş verən dəyişikliklərdən əvvəl satışda olan qiymətləri ilə müqayisədə belə 20%-nin qiyməti 2 dəfədən çox, 8%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb. Ümumilikdə 60%-nin qiymətləri endirilib.
Dərman qiymətlərinin endirilməsi müsbət addımdır. Amma hər hansı xəstəlikdən əziyyət çəkən şəxs istədiyi dərmanı əldə edə bilmədikdə bu ağır nəticələr verə bilər. Bundan sonra da bəzi dərmanların qiymətlərinin endiriləcəyi gözlənilir. Ona görə də belə hallar qarşıdakı aylarda da davam edə bilər. Ona görə də apteklərdə dərmanların daim olması vacib amildir./anspress/