Qiyməti baha, keyfiyyəti aşağı - Yerli çay içməli, yoxsa xarici?..
11.10.2017 762 0.0 0

Ürəyimiz yananda içdiyimiz çay... bəzən cana fayda əvəzinə zərər gətirir
 

 

Ürəyimiz yananda, başımız ağrıyanda ağırıkəsici kimi istifadə etdiyimiz bircə stəkan pürrəngi çay... Kimisi onu armudu stəkanda, kimisi fincanda, kimisi limonlu, kimisi yalnız qəndlə, kimisi mürəbbə ilə içməyi xoşlayır. 
İçdikcə də içilir... Nahaq yerə deməyiblər ki, çayın biri qaydadı, ikisi cana faydadı. Üçü nəsdi, dördü bəsdi. Çatdı beşə, vur on beşə. Çay nədi, say nədi... 

Çay bitkisi ilk dəfə Qafqazda 19-cu əsrin 40-cı illərində Qafqaz canişini Vorontsovun göstərişi ilə Suxumidə əkilib. Təcrübələr uğurlu olduğundan1876-cı ildən onun Qafqazda artırılmasına başlanıb. Azərbaycanda 1892-ci illərdə təcrübə üçün gətirilmiş sortlar Lənkəran, Car-Balakən rayonlarında əkilib. SSRİ dövründə Azərbaycan çay plantasiyalarının genişliyi ilə fərqlənib. 

Dünyada hər il təxminən 1120 ton hazır çay istehsal olunur. Çay istehsalına görə ilk yeri 500 min hektarla Çin tutur. Sonra Hindistan və Şri-Lanka gəlir. 2016-cı ildə Çində 880 min ton, Hindistanda 789 min ton, Şri-Lankada 303 min ton  çay istehsal olunub.

Min illərdən bəri ayrı-ayrı xalqlar vazkeçilməz içki kimi qida rasionumuza daxil olan çayı müxtəlif cür dəmləyir. Məsələn, çinlilər çayı əvvəlcədən qızdırılmış çaynikə atır, üstünə qaynar suyu tökür, 3 dəqiqədən sonra farfordan hazırlanmış fincanlara süzüb, qaynar-qaynar, həm də qəndsiz içirlər.

Yaponlar çayı əvvəlcə xüsusi hazırlanmış həvəngdəstədə əzib, toz halına salırlar. Sonra əvvəlcədən qızdırılmış çaynikə atıb, üstünə hərarəti 70 selsidən yuxarı olmayan qaynamış su töküb, 2-3 dəqiqədən sonra içirlər. Yaponların dediklərinə görə, bu cür dəmlənmiş çay, öz müalicəvi əhəmiyyətini saxlamaqla yanaşı, həm də çox ətirli olur. 

İsveçrəlilər qaynayan südə əvvəlcə qənd əlavə edirlər, onun ardınca, quru çayı atıb, odu söndürürlər. Tam soyuduqdan sonra içirlər.


Kalmıklar kiçik həcmdə suyu çaynikdə qızdırıb, üzərinə yaşıl çay əlavə edirlər. Daha sonra çayniki odun üzərinə qoyurlar. Su qaynamağa başlayanda üzərinə qaynar süd, ərinmiş yağ, duz əlavə edib, 15 dəqiqə qarışdırırlar. Qaynama müddətinin başa çatmasına 7-8 dəqiqə qalmış, çaynikə dəfnə yarpağı və mixək əlavə edib, odu söndürürlər. Və nəhayət, süzgəcdən süzüb içirlər.

Azərbaycanlılar çayı adətən, şüşə və ya saxsı çayniklərdə dəmləyirlər. Əvvəlcə, çayı çaynikə töküb və sonra üstünə qaynamış suyu əlavə edib, asta odda dəmləyirlər. Təxminən 5 dəqiqədən sonra çay hazır olur.

Sovet dövründə Azərbaycanda 17 min hektar ərazidə çay plantasiyaları salınsa da, hazırda ölkəmiz bu sahədə çox geriləyib.

Elə bu səbəbdən piştaxtaları daha çox xarici istehsal çayları bəzəyir. Əksər istehsalçılar çayın qiymətinin baha, keyfiyyətinin aşağı olması qənaətindədir.

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a deyib ki, həftə ərzində istehlakçılar tərəfindən çayın keyfiyyətilə bağlı 3-4 şikayət daxil olur:

 

“İstehlakçılar Azərbaycanda satışda olan çayların keyfiyyətindən şikayət edirlər. Əksəriyyət çayın tərkibinin keyfiyyətli olmaması və rəng amilini vurğulayır. Azad İstehlakçılar Birliyi bununla bağlı geniş araşdırmalar aparıb. Hətta Astarada çay zavodunda olmuşuq. Amma rəngləmə amilini qeydə ala bilməmişik. Araşdırma nəticəsində çaya çox sayda qatqının, aromatizatorların qatıldığının şahidi olmuşuq. Amma təəssüf ki, rəng amilini hələlik sübut edə bilməmişik. Əhali deyir ki, “qara çayı soyuq suya atırsan, rəng verir, bu nədəndir”, yaxud “çöküntü verir, sonradan rəngi bulanır” və s. Təəssüflər olsun ki, çay istehsalı ilə məşğul olan insanlar, şirkətlər insanları maarifləndirmirlər. Əhali bilməlidir ki, xırdalanmış və rəngi tünd olan çay keyfiyyətli deyil. Onlar çayın tozundan hazırlanır. Yumrulanmış çay tozu isə tez dəm alır və rəngi qaralır”.
 

Hüquq müdafiəçisinin sözlərinə görə, bütün hallarda yerli istehsal olan çaylara üstünlük verilməlidir:
 

“Eyni zamanda, Azərbaycanda qida mədəniyyətinə üstünlük verilməlidir. Bizdə yeməkdən dərhal sonra çay içilir. Bu düzgün deyil. Çünki qidanın tərkibindəki dəmirin sorulmasına mənfi təsir göstərir. Əhali bu qida mədəniyyətindən uzaq olmalıdır”.

 

E.Hüseynov deyib ki, bir çox hallarda xarici istehsal çayları əhaliyə yerli məhsul kimi satılır:
 

“Bildirmək istəyirəm ki, böyük çay istehsalçısı kimi tanınan “Azərsun Holding”in istehsal etdiyi bütün çaylar xaricdən idxal edilir. Çaylar xaricdə yığılır, qurudulur və Azərbaycana gətirilir. Ölkəmizdə yalnız qablaşdırma həyata keçirilir.

Biz dəfələrlə o çay fabrikində olub rənglənmə məsələsini öyrənmək istəmişik. Həmin vaxt məlum olub ki, “Azərsun”un çayları Azərbaycanda qablaşdırılır. Ona görə də rənglənmə amilini araşdıra bilməmişik”.

 

AİB sədri Eyyub Hüseynov eyni zamanda, əhalini birdəfəlik istifadə üçün nəzərdə tutulmuş paket çaylardan imtina etməyə çağırıb:

 

“Vətəndaşlarımız paket çaylardan imtina etsələr, daha yaxşı olar. Bəzi şirkətlər paket çay istehsalında daha az maddi vəsait xərcləmək məqsədilə, ləvazimatların seçimində keyfiyyətli deyil, sintetik materiallara üstünlük verirlər. Nəticədə paket çay içdiyimiz zaman rənglənmiş saman çöpləri və çayın sintetik örtüyü də orqanizmimizi zəhərləmiş olur. Xüsusilə də çay alarkən xırda yarpaqlı çayların arzuolunmayan olduğunu nəzərə alsınlar. Daha keyfiyyətli çaylar kolun uzun yarpaqlarından yığılanlardır”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar