Türkiyədə dövlət çevrilişinə cəhddə rəhbərlik etməkdə ittiham olunan sabiq Hərbi Havva Qüvvətləri komandanlığının generalı Akın Öztürkün həbs olunan zaman çəkilmiş görüntüləri yayılıb.
Türkiyə mətbuatına istinadla verilən məlumata görə, keçmiş komandirin qollarının qandallı və ayağının yalın olması mətbuatın diqqətindən yayınmayıb.
Onun ifadəsi Ankara polis idarəsinin terrorla mübarizə idarəsində alınıb. Öztürkün Fətullahçı Terror Qrupunun (FETÖ) üzvü olduğu iddia edilir.
Öztürklə bərabər həbs olunan digər hərbçilərin də görüntüləri yayılıb. Onların ifadəsi bitdikdən sonra hakim qarşısına çıxacaqlar.
Öztürkün barəsində vətənə xəyanat ittihamı ilə cinayət işi açılıb.
İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.
Hadisədən sonra Türkiyə ordusunda da böyük həbslər dalğası başlayıb. Türkiyə II Ordusunun komandanı Adəm Huduti, Balıkəsirdəki hərbi hava bazasının komandanı general-leytenant İshaq Dayıoğlu, Malatya qarnizonunun komandanı general-mayor Avni Anqun, III piyada diviziyasının komandanı general-leytenant Xəlil İbrahim Engin və Dənizli qarnizonunun komandanı general-mayor Kamil Özhan Özbakır saxlanılıb./anspress/