Qida subyektlərində HACCP sisteminin tətbiq olunacaq
02.03.2022 303 0.0 0

Yenin Qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP prinsiplərinə əsaslanan prosedurları tətbiq etməli və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə nəzarət sisteminə malik olmalıdır.

Qazeta.info AQTA-nın məlumatına əsasən bildirir ki, hazırda dünyada qida təhlükəsizliyinin idarə edilməsi üçün ən çox istifadə olunan mexanizm HACCP sistemidir və qida təhlükəsizliyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistem qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün mümkün təhlükələrin və risklərin qiymətləndirilib nəzarətə götürülməsi və qida mənşəli xəstəliklərin və ya zəhərlənmə hallarının risklərini aradan qaldırmağı hədəfləyir. Təhlükəli faktor insan sağlamlığı üçün təhlükə mənbəyi olub, qida və yem  məhsullarında yer alan bioloji, kimyəvi və fiziki agent və ya qida məhsulunun vəziyyətidir. Kritik nəzarət nöqtəsi isə təhlükəli faktorun qarşısını almaq, onu aradan götürmək və ya məqbul həddə salmaq üçün nəzarətin zəruri olduğu istehsal zəncirinin mərhələsidir.

Bu nəzarət mexanizmi qida zəncirinin bütün mərhələlərini əhatə etməklə vahid sistem halında fəaliyyət göstərir. Qida təhlükəsizliyinin təmin edilməsinin ən səmərəli və etibarlı təminatı istehlak bazarında hazır məhsula nəzarət etmək deyil, qida məhsulları istehsal zəncirinin bütün mərhələlərində belə bir qida təhlükəsizliyinin idarə edilməsi mexanizminin yaradılması və tətbiqini zəruri edir.

Eyni zamanda qanun layihəsində HACCP sistemlərinin tətbiq edilməsi üçün keçid müddətlər müəyyən edilmişdir. Belə ki, HACCP sistemlərinin tətbiqinin məcburiliyi “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, iri sahibkarlıq subyekti hesab edilən qida subyektlərində həmin Qanun dərc olunduğu gündən iki il, orta və kiçik sahibkarlıq subyektləri hesab edilən qida subyektlərində isə dörd il sonra üçün təsbit edilmişdir.

Qeyd edək ki, HACCP – Qida təhlükəsizliyinin idarə edilməsinə əsaslanan bir standartdır. Standartın əsas məqsədi qida istehsalı və istehlakını ən sağlam hala gətirməkdir. Buna görə də sosial rifah və daha əsaslı gigiyenik tələblərə üstünlük verir. Sistem həm də qurum və təşkilatların inkişafı üçün kritik nöqtələrin tənzimləyicisidir. Çünki risklərin idarə edilməsində çox faydalı olan standartları özündə ehtiva edir. Bu baxımdan qida biznesinin və istehsalçı qurumların gələcək uğurlarını təmin etmək imkanına əsaslı töhfə verir. Qida təhlükəsizliyinə diqqət yetirən bu sistem prosesə əsas nəzarətləri təyin edən və onun necə idarə olunacağını planlaşdıran bir bələdçi rolunu oynayır. Konsepsiya qidanın hazırlanması və təchizatı prosesində dəyərli sistem yanaşması ilə sosial inkişafa xidmət edir. HACCP təcrübələrinə əməl olunarsa, təhlükəsiz və keyfiyyətli məhsulların bazarda dövriyyəsi təmin edilər. HACCP planı ortaya çıxacaq müxtəlif növ qida təhlükələrini müəyyən etmək və idarə etmək məqsədi daşıyır. Bu, baş verə biləcək potensial zərərlərin qarşısını almağı hədəfləyir. HACCP sisteminin tətbiqi müəssisələrin daxili qida təhlükəsizliyi nəzarəti sisteminin qurulmasına da imkan verəcək ki, bu da dövlət nəzarəti tədbirlərinin azaldılmasına və sahibkarların özləri tərəfindən tələblərin yerinə yetirilməsinə şərait yaradacaq.

HACCP  sisteminin əsas üstünlüklərinə istehsal və paylama sisteminə nəzarət və qida təhlükəsizliyi sahəsində risklərin qarşısını alması, qida gigiyenasına dair məlumatlılıq yaratması, dövriyyədə olan mal və məhsulların keyfiyyətini yaxşılaşdırması və s. daxildir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar