"2005-ci ildə "Qazprom" boğazımızdan yapışarkən köməyimizə Azərbaycan çatdı. Gürcüstan üçün çətin dövrdə Azərbaycan öz əhalisinin yarısını qazsız qoyub bizi qızdırdı". Məlumata görə, bunu "Rustavi 2" kanalına müsahibəsində Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili deyib.
Saakaşvili gürcü milyonçu, sabiq baş naziri Bidzina İvanişvilini yalan danışmaqda ittiham edib. Onun sözlərinə görə, oliqarx Rusiyanın "Qazprom" şirkətinin səhmdarı olmadığını iddia edir. "Amma hamımız bilirik ki, o, "Qazprom"un əsas səhmdarlarından biridir. İsveçrədə xüsusi hesabat dərc edilib. O, sizi aldadıb. "Qazprom"un səhmdarı birbaşa Kremldən göstəriş alır. Yoxsa KQB kimisə "Qazprom"a yaxın buraxardı?"
O, gürcüləri unutqan olmamağa səsləyib. Keçmiş prezident Azərbaycanın Gürcüstanı qazla təminatındakı rolundan danışıb. Saakaşvili deyib ki, Azərbaycan qazla təminatdan sonra müqavilə təqdim edib. "Əgər özü istehsal etmirsə, belə ucuz qaz, demək olar ki, dünyanın heç bir ölkəsində yoxdur. Yenə də bizi məhv edənlərlə əməkdaşlıq quruldu. İndi Azərbaycan bizim haqqımızda nə düşünməlidir - biz naşükür xalqıq? Xalqı, yəqin ki, günahlandırmazlar. Amma bu xalqın naşükür rəhbərliyi var.
Gürcüstan hazırda qaz alışı ilə bağlı İran və Rusiya ilə də danışıqlar aparmaqdadır. Ölkənin Energetika naziri Kaxa Kaladze bildirib ki, Rusiyadan təbii qazın tədarükü üçün kommersiya operatorları və bir sıra şirkətlərlə müzakirələr aparılıb.
“Bundan başqa Gürcüstan ərazisindən keçən Rusiya təbii qazının həcminin artırılmasının mümkünlüyü barədə "Qazprom" şirkətinin rəsmiləri ilə Brüsseldə fikir mübadiləsi aparılıb".
O, ötən il verdiyi açıqlamada qeyd etmişdi ki, Azərbaycanın Gürcüstanı qazla təmin etmək imkanı yoxdur. "Ölkəni qazla təmin etmək üçün Rusiyadan əlavə mavi yanacaq almaq məcburiyyətindəyik”.
Gürcüstanın Azərbaycan qazından imtina etməsi və daha ucuz qaz almaq üçün İran və Rusiya ilə danışıqlara başlaması Azərbaycanın Gürcüstan bazarında zəifləməsi deməkdir. Gürcüstanın böyük qaz tədarükçüsü Azərbaycandır. Dövlət Neft Şirkəti Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə nəzarət edir.
Gürcüstanın Energetika naziri Kaxa Kaladze fevralın 4-də Azərbaycana gözlənilmədən səfər edib. O, SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşüb. Şirkətin prezidenti Rövnəq Abdullayevlə aparılan danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri, Cənub Qaz Dəhlizinin inkişaf perspektivləri, Cənubi Qafqaz Boru Kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinin gedişi, həmçinin Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həlli yolları müzakirə olunub. Tərəflər danışıqların və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər./anspress/