ABŞ-ın dünya səviyyəsində tanınmış sosioloji araşdırma şirkəti olan Pew Tədqiqat Mərkəzinin hesabatına görə, “Biz Xalqıq” adlanan və 2011-ci ildə Barak Obama tərəfindən yaradılmış Ağ evə müraciət platforması tarixində ikinci ən məşhur petisiya “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyadır.
Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, bunu AVCİYA prezidenti Elxan Süleymanov deyib.
O bildirib ki, Pew Tədqiqat Mərkəzi ABŞ və dünyanı formalaşdıran məsələlər və istiqamətlər barədə ictimaiyyətə məlumat verən bitərəf araşdırma mərkəzidir. Bu mərkəz ictimai fikir sorğuları, demoqrafik araşdırma, mahiyyət təhlili və digər sosial elmi tədqiqatlar aparır, ABŞ siyasəti və strategiyasını, jurnalistika və medianı, internet, elm və texnologiyanı, din və ictimai həyatı, qlobal trendləri, ABŞ-ın sosial və demoqrafik istiqamətlərini öyrənir.
“AVCİYA-nın 12 illik fəaliyyəti tarixində çoxsaylı uğurlu beynəlxalq layihələr olub. 2016-cı ildə icra edilmiş “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiya da kifayət qədər aktual və dünya səviyyəsində diqqət çəkən layihə olub. Bu petisiya ilə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı indiyədək işlənilən beynəlxalq platformalardan daha geniş arenaya daşınıb. Layihəyə aprel ayının 6-da AVCİYA prezidenti kimi mənim imzamla start verildi, Ağ ev Administrasiyasının internet resursunda Azərbaycan xalqının Obama Administrasiyasına müraciəti yerləşdirildi. Müraciətdə AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır, Administrasiyaya AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilirdi. Platformanın qaydalarına görə, 1 ay ərzində müraciəti 100 min nəfərin imzalaması lazım idi. Lakin AVCİYA-nın apardığı genişmiqyaslı kampaniyanın nəticəsi olaraq 331,914 imza toplandı”.
E. Süleymanov qeyd edib ki, kampaniya çərçivəsində çoxsaylı maarifləndirici materiallar hazırlanaraq paylanılıb, video materiallar yayılıb, televiziya verilişləri, görüşlər təşkil edilib: “Bununla yanaşı bütün dünya azərbaycanlıları, dünya türkləri bu kampaniyaya cəlb edildi. Türkiyədə də bu istiqamətdə çoxşaxəli iş aparıldı, “İşqalə dur de” adlı sayt vasitəsilə türk qardaşlarımız da Azərbaycanın haqq səsinə qoşuldular. Nəhayət, 10 iyul 2016-cı il tarixində Ağ ev Administrasiyası müraciətimizə cavab verdi. Cavabda müraciətimiz kifayət qədər geniş şərh edilirdi. Lakin diqqət çəkən ən mühüm məqam Ağ ev Administrasiyasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə çağırış etməsi idi. Cavabda deyilirdi: “Biz tərəfləri münaqişənin hərtərəfli nizamlanmasına, o cümlədən Dağlıq Qarabağ ətrafı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasına və Dağlıq Qarabağın statusunun müəyyən olunmasına dair təcili danışıqlar aparmağa və təmkinli olmağa çağırırıq”. Bu uğur yalnız AVCİYA-nın deyil, bütün Azərbaycan xalqının uğurudur. Bu, Azərbaycan xalqının informasiya müharibəsində çox mühüm intellektual qələbəsidir”.