Dağlıq Qarabağ münaqişəsini ədalətli şəkildə yalnız Azərbaycan və bu ölkənin Silahlı Qüvvələri həll edə bilər.
Məumata görə, bu barədə "Sputnik-Azərbaycan" agentliyinin saytında keçirilən sorğunun nəticəsində bildirilir.
Saytda "Dağlıq Qarabağ münaqişəsini hansı ölkə və ordu ədalətli şəkildə həll edə bilər" sualı verilib. Sentyabrın 23-dən oktyabrın 5-dək keçirilən sorğuda iştirakçların əksəriyyəti Azərbaycana və onun Silahlı Qüvvələrinə güvənib.
Sorğu iştirakçıları hesab edir ki, Dağlıq Qarabağ münaqişəsini ilk növbədə Azərbaycan, daha sonra isə Rusiya nizamlaya bilər.
Sorğu iştirakçılarının 51,8 faizi Azərbaycanı, 32,3 faizi Rusiyanı Dağlıq Qarabağ münaqişəsini həll edə biləcək ölkə kimi görür. Növbəti yerlərdə aşağıdakı ölkələr qərarlaşıb.
Türkiyə - 8,5 faiz
ABŞ və Avropa Birliyi - 5,8 faiz
İran - 1,7 faiz
Dağlıq Qarabağ münaqişəsinin başlanması
Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı mərhələsi Xankəndi (Sovet dövründə Stepanakert) və Ermənistanda azərbaycanlılara qarşı 1987-ci ilin sonunda azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəticələnən hücumlarla başlandı. 20 fevral 1988-ci il tarixində DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər. 22 fevral 1988-ci il tarixində Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.
Qarabağ müharibəsi zamanı
26-28 fevral 1988-ci il tarixində Sumqayıt iğtişaşları nəticəsində iyirmi altı erməni və azərbaycanlı öldürüldü. Qeyd etmək lazımdır ki, bu hadisələrin fəal iştirakçılarından biri ermənilərin qətli və onlara qarşı zorakılıqda, ermənilərin yaşadığı rayonlardakı qırğınlarda bilavasitə iştirak etmiş Sumqayıt sakini olan milliyyətcə erməni Eduard Qriqoryan idi. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət şöbəsinin 22 dekabr 1989-cu il tarixli qərarı ilə Qriqoryan 12 il həbs cəzasına məhkum edildi. Məhkəmə Qriqoryanın iğtişaşlar və qırğınların təşkilatçılarından biri olması barədə qərar qəbul etdi. Şahidlər və hadisə qurbanlarının ifadələri göstərir ki, Qriqoryanda ermənilərin yaşadığı mənzillərin siyahısı var idi və o, digər üç erməni ilə birlikdə ermənilərə qarşı özünün şəxsən iştirakı ilə intiqam aktlarına çağırırdı. Onun qurbanları (hamısı erməni) Qriqoryanı zorakılığın təşkilatçılarından və fəal iştirakçılarından biri kimi tanımışlar. Əslində erməni rəhbərliyinə geniş anti-Azərbaycan kampaniyasına başlama və Azərbaycana qarşı təcavüzkar addımlara bəraət qazandırma vasitəsi kimi zəruri olan Sumqayıt hadisələri əvvəlcədən planlaşdırılmış və hazırlanmışdı.
1988-1989-cu illər ərzində azərbaycanlılar Ermənistanı tərk etməyə məcbur edildilər. Kütləvi deportasiya zamanı ən azı 216 azərbaycanlı öldürülmüş və 1 154 azərbaycanlı yaralanmışdır. Ermənistanlı qaçqınlar – nəticədə təxminən 200 000 nəfər təşkil edərək – Azərbaycana gəlməyə başladılar. 23 sentyabr 1989-cu il tarixində Azərbaycan SSR Ali Soveti “Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında” Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etmişdir. Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, “Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir” və “Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər”.
1 dekabr 1989-cu il tarixində Ermənistan SSR Ali Soveti Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında qərar qəbul etmişdir. 10 yanvar 1990-cı il tarixində SSRİ Ali Sovetinin Rəyasət Heyəti “ Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında” qərar qəbul etmişdir. Qərarda Ermənistan SSR ilə Dağlıq Qarabağın Azərbaycan SSR-in razılığı olmadan yenidən birləşdirilməsinin qeyri-qanuni olması bildirilmişdir.
20 yanvar 1990-cı il tarixində Mixail Qorbaçov dövründə Sovet rəhbərliyinin razılığı ilə Sovet ordusunun hissələri Bakıya göndərilmişdir. Onların görünməmiş vəhşiliklə həyata keçirdiyi hərəkətlər nəticəsində yüzlərlə azərbaycanlı öldürülmüş və yaralanmışdır. 1991-ci ildə keçmiş SSRİ-nin mərkəzi hüquq-mühafizə orqanları Dağlıq Qarabağ xaricində fəaliyyət göstərən onlarla erməni silahlı qrupunu həbs etmişdir. Belə ki, Azərbaycanın Xanlar rayonunun Çaykənd kəndi erməni silahlı qrupları tərəfindən cinayətkar mərkəzə çevrilmişdi. Buradan qonşu kəndlər və yollar bombardman edilir və top atəşinə tutulur, yerli azərbaycanlı əhali qorxu və vahimə içində saxlanılırdı. 1989-cu ildən 1991-ci ilədək Çaykənddə və ətraf ərazilərdə 54 nəfər yerli sakin erməni silahlı qruplarının qurbanına çevrilmişdir. 1992-ci ildə Azərbaycan Goranboy rayonu üzərində öz nəzarətini bərpa etmişdir. 30 avqust 1991-ci il tarixində Azərbaycanın Ali Soveti 23 sentyabr 1989-cu il tarixli Konstitusiya Qanununu əsas götürərək, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası tərəfindən bəyan edilmiş dövlət müstəqilliyinin bərpasını elan etdi. 2 sentyabr 1991-ci il tarixində Dağlıq Qarabağ Vilayət və Şaumyan rayon Xalq Deputatları Sovetlərinin birgə iclasında Azərbaycanın DQMV və Şaumyan rayonu sərhədləri çərçivəsində “Dağlıq Qarabağ Respublikası”nın yaradılması bəyan edildi.
18 oktyabr 1991-ci il tarixində qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur. 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi haqqında” Qanun qəbul etdi. 1991-ci ilin sonu-1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı.
Xocalıda torpaqdakı meyitlər fonunda şəhərdə talançılıqla məşğul olan erməninin maşını
1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədilmişdir. Xocalı soyqırımı kimi tanınmış bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi yaxud əsir düşməsi ilə nəticələnmiş, şəhər yerlə-yeksan edilmişdir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin 366 saylı motoatıcı alayının köməyi ilə Xocalını ələ keçirdilər. Faciəvi gecəyədək şəhərdə qalmış Xocalı sakinləri (təxminən 2 500 nəfər) hücum başlayandan sonra azərbaycanlıların yaşadığı ən yaxın yerə yol tapmaq ümidi ilə evlərini tərk etməyə cəhd göstərdilər, lakin onların planları puça çıxdı. İşğalçılar Xocalını dağıtdılar və dinc əhalini xüsusi qəddarlıqla qətlə yetirdilər. Xocalının yüzlərlə günahsız sakininin qəddarcasına qətlə yetirilməsi Ermənistan-Azərbaycan münaqişəsi zamanı törədilmiş ən iyrənc cinayətlərdən biri idi. Erməni silahlı qüvvələri və xarici hərbi hissələrin Xocalı və ətraf əraziləri tərk etmək iqtidarında olmayanların, demək olar, heç birinə rəhmi gəlmədi. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüşdür. 1 275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır. Faciə zamanı Xocalının 487 sakini, o cümlədən həddi-buluğa çatmamış 76 uşaq ağır xəsarət alaraq şikəst edilmiş, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq valideynlərinin hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Həlak olanların 56 nəfəri xüsusi qəddarlıqla qətlə yetirilmişdir: diri-diri yandırılmış, başının dərisi tükü ilə birlikdə soyulmuş, boynu vurulmuş, gözləri çıxarılmış və hamilə qadınların qarnı süngülənmişdir. Erməni rəsmiləri laqeydliklə faktları təhrif edərək və reallıqdan uzaq və sadə məntiqə söykənməyən şərhlər verərək, münaqişəyə, o cümlədən Xocalı əhalisinə qarşı törədilmiş cinayətlərə görə məsuliyyətlərini danırlar. Lakin ən məharətli təbliğat belə erməni tərəfinin təqdim etdiyi vəziyyətin tamamilə əksini sübut edən faktları təkzib etmək iqtidarında deyil. Ermənistanın məsuliyyəti Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının mühüm məlumatları ilə yanaşı, çoxsaylı müstəqil mənbələr və faciənin şahidləri tərəfindən sənədləşdirilmiş və soyqırımı törədənlərin bilavasitə etirafı ilə təsdiqlənmişdir. Məsələn, məşhur beynəlxalq terrorçu Monte Melkonyanın qardaşı Makar Melkonyan Xocalıda baş vermiş hadisələri sadəcə olaraq erməni hərbi hissələrində “intizam” və “tabe olmama” probleminin nəticələri kimi qiymətləndirərək, aşağıdakıları qeyd etmişdir: Bir gecə əvvəl, axşam təxminən saat 11:00-da 2 minə yaxın erməni döyüşçüsü hündür otların arası ilə üç istiqamətdən Xocalının içinə doğru irəliləyərək, sakinləri şərq istiqamətindəki açıq yolla getməyə məcbur etdilər.
Şuşa şəhərindən görüntü
26 fevral tarixində səhərə yaxın qaçqınlar Dağlıq Qarabağın şərq yüksəkliyinə qalxaraq, təhlükəsizlik üçün təxminən 6 mil məsafədə yerləşən azərbaycanlı şəhəri olan Ağdam istiqamətində aşağıya doğru hərəkət etməyə başladılar. Təhlükəsizlik artıq yaxınlaşmaqda olduğu zaman Dağlıq Qarabağ əsgərləri onları təpəciklərdən aşağı qovdu. “Onlar sadəcə dayanmadan atəş açırdı”, - deyə qaçqın Raisə Aslanova “Human Rights Watch” beynəlxalq təşkilatının araşdırmalar aparan nümayəndəsinə bildirmişdi. Sonra ərəb mənşəli döyüşçülər uzun müddət arxa ciblərində gəzdirdiyi bıçaqları çıxararaq, öldürməyə başladılar. İndi yeganə səs quru otları əsdirən külək idi; bu küləyin meyitlərin qoxusunu yayacağı vaxta hələ çox vardı. Monte qadınların və qızların sınmış gəlinciklər kimi səpələndiyi otlar üzərinə xırçıltı ilə əyildi. “Heç bir intizam yoxdur”, - deyə donquldandı. O, bu günün tarixinin əhəmiyyətini bilirdi: bu, ermənilərə qarşı Sumqayıt soyqırımının 4-cü ildönümünün ərəfəsi idi. Xocalı strateji hədəf, eyni zamanda qisas aktı idi. “Black Garden: Armenia and Azerbaijan through peace and war” kitabında britaniyalı jurnalist Tomas de Vaal erməni hərbçilərinin sözlərinə istinad edərək yazır: “Bir erməni polis zabiti, mayor Valeri Babayan qisası səbəb kimi irəli sürdü. O, amerikalı jurnalist Pol Kvinn-Caca demişdir ki, Xocalıya hücumda iştirak etmiş döyüşçülərin çoxu “vaxtilə Sumqayıt və bu kimi yerlərdən gəlmişdi”. Lakin ən mühümü Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın baş vermiş hadisələr haqqında dedikləri idi: Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdi ki, onlar bizimlə zarafat edir, onlar zənn edirdi ki, ermənilər əlini dinc əhaliyə qaldıra bilməyən bir xalqdır. Biz bu stereotipin öhdəsindən gələ bildik. Budur, nə baş verdi. Nəzərə almalıyıq ki, o oğlanlar arasında Bakı və Sumqayıtdan qaçmışlar var idi. “Sarkisyanın sözləri qətllərin, ən azı qismən, qorxu yaratma məqsədilə qəsdən törədilmiş kütləvi qətl aktı olmasından xəbər verərək, Qarabağ müharibəsinin ən dəhşətli qırğınına fərqli işıq salır”, - deyə Tomas de Vaal fikrini yekunlaşdırır.
Yuxarıda qeyd olunmuş faktlar təsdiq edir ki, 25-26 fevral 1992-ci il tarixində Xocalı şəhəri sakinlərinin, o cümlədən uşaqların, yaşlıların və qadınların qəsdən qırğını onların yalnız azərbaycanlı olmaları səbəbindən kütləvi məhvi məqsədini daşıyırdı. İnsanların ürəyinə qorxu salaraq və dəhşətli qırğın qarşısında vahimə və qorxu yaradaraq, Xocalı şəhəri Azərbaycan ərazilərinin sonrakı işğalı və etnik təmizləməsi üçün mərhələ kimi seçilmişdi. 1992-ci ilin may ayında Şuşa şəhəri və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal edilmişdir.
1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər. Rəsmi Yerevanın Azərbaycan ilə münaqişədə birbaşa tərəf olmamasına dair çoxsaylı bəyanatlarının əksinə olaraq, Ermənistan Respublikasının suveren bir dövlətə qarşı birbaşa hərbi təcavüzünə və əsassız bəyanatlarının əleyhinə şahidlik edən danılmaz dəlillər mövcuddur. Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycana qarşı düşmənçilik aktlarında iştirakına dair kifayət qədər fakt vardır. Mövcud faktların hamısını burada qeyd edə bilməsək də, aşağıda ətraflı şəkildə sənədləşdirilmiş dəlillər Ermənistanın Azərbaycana qarşı birbaşa hərbi təcavüzünü sübut edir. Belə ki, 1994-cü ilin yanvar ayında Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının 555 saylı (59016 saylı hərbi hissə) əlahiddə motoatıcı alayının bölmələrini döyüşdə məğlub edərək, bir neçə erməni əsgərini əsir götürmüşdü. Döyüş əməliyyatları zamanı ələ keçirilmiş sənədlərdən məlum olmuşdu ki, bu alayın hissələrindən biri Azərbaycanın Kəlbəcər rayonunu işğal etmək istəyən Ermənistan qüvvələrinə kömək məqsədilə 1993-cü ilin aprel ayında Ermənistan Respublikasının Vardenis şəhərindən Kəlbəcərə hücum etmişdir. Azərbaycan Respublikasının Kəlbəcər rayonunda döyüş zamanı ələ keçirilən qənimətlər arasında Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi general-leytenant G.Andresian tərəfindən 555 saylı əlahiddə motoatıcı alayın komandirinə və əməliyyat qrupunun rəhbərinə ünvanlanmış imzalı döyüş xəritələri və döyüş əmrləri, eləcə də Ermənistan Respublikasının silahlı qüvvələrinin 3-cü əlahiddə motoatıcı briqadasının 3-cü motoatıcı batalyonunun zabitlərinə məxsus döyüş xəritələri aşkarlanmışdır.
Bu xəritələrin üzərində əl yazısı ilə 1 aprel 1993-cü il tarixində Azərbaycanın Kəlbəcər rayonunu ələ keçirmək məqsədilə hücum əmri qeyd olunmuşdur. Azərbaycan qoşunları orduya çağırılmış və döyüş əməliyyatlarında iştirak etmək üçün Azərbaycana göndərilmiş Ermənistan Respublikası vətəndaşlarının çoxlu sayda şəxsi sənədini aşkar etmişdir. Bu sənədlər arasında milli pasportlar, Ermənistan Respublikasının müxtəlif hərbi komissarlıqları tərəfindən verilmiş hərbi biletlər, hərbi xidmətə və Ermənistan Respublikasının müxtəlif rayonlarının hərbi komissarlıqları tərəfindən hərbi toplantıda iştiraka dair çağırış vərəqələri, Ermənistan Respublikası Daxili İşlər və Müdafiə Nazirliklərinin rəsmi əməkdaşları üçün kartlar, Ermənistan Respublikasının silahlı qüvvələrində xidmət üçün xüsusi müqavilələr, səyahət kartları, hərbi rütbə verilməsi üçün ərizələr, məzuniyyət və digər sənədləri misal gətirmək olar .
1992-1994-cü illər arasında Azərbaycan Respublikasının əraziləri aşağıda göstərildiyi kimi işğal edilmişdir: 1992-ci ilin may ayı Şuşa rayonu, 1992-ci ilin may ayı Laçın rayonu, 1993-cü ilin aprel ayı Kəlbəcər rayonu, 1993-cü ilin iyul ayı Ağdam rayonu, 1993-cü ilin avqust ayı Füzuli rayonu, 1993-cü ilin avqust ayı Cəbrayıl rayonu, 1993-cü ilin avqust ayı Qubadlı rayonu, 1993-cü ilin oktyabr ayı Zəngilan rayonu.
30 aprel 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə qəbul etdi. 29 iyul 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul etdi. 14 oktyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası ATƏM-in Minsk qrupunun nizama salmaya dair vaxt cədvəlinə uyğun olaraq, dərhal qarşılıqlı və zəruri addımlar atılmasını, o cümlədən ən son işğal edilmiş ərazilərdən çəkilməyi tələb edən 874 saylı qətnamə qəbul etdi. 11 noyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası 884 saylı qətnamə qəbul etdi. Qətnamə Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğalını, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pisləmiş, Zəngilan rayonu və Horadiz qəsəbəsindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edir.
Şuşaya virtual səyahət
Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin təxminən beşdə biri işğal olunmuş, ölkə daxilində təxminən hər 8 nəfərdən biri köçkün və ya qaçqına çevrilmiş, 20.000 insan həlak olmuş, 50 000 nəfər yaralanmış və ya əlil olmuş və Azərbaycan Respublikasının təxminən 5 000 vətəndaşı indiyədək itkin düşmüşdür. Azərbaycan Respublikasına qarşı təcavüz ölkənin sosial-iqtisadi həyatına ciddi ziyan vurmuşdur. İşğal olunmuş ərazilərdə 871 yaşayış məskəni, o cümlədən 11 şəhər, 12 qəsəbə, 848 kənd, yüzlərlə xəstəxana və tibbi avadanlıq yandırılmış və ya yararsız hala salınmışdır. Yüz minlərlə bina və mənzil, minlərlə ictimai və tibbi bina dağıdılmış və ya qarət edilmişdir. Yüzlərlə kitabxana talan edilmiş, çoxlu sayda dəyərli əlyazma yandırılmış və ya məhv edilmişdir. Bir neçə dövlət teatrı, yüzlərlə klub və çoxlu sayda musiqi məktəbi məhv edilmişdir. Minlərlə emal, kənd təsərrüfatı və başqa tipli fabrik və zavod talan edilmişdir. Yüzlərlə kilometr uzunluğunda suvarma sistemi tamamilə dağıdılmışdır. Yüz minlərlə qoyun və minlərlə mal-qara sürüsü işğal edilmiş ərazilərdən Ermənistana aparılmışdır. Azərbaycan otlaqlarının 70%-i işğal olunmuş ərazilərdə qalmışdır. Bölgə infrastrukturu, o cümlədən yüzlərlə körpü, yüzlərlə kilometr yol, minlərlə kilometr su və qaz kəməri və çoxlu sayda qaz paylama məntəqəsi dağıdılmışdır. Azərbaycana qarşı müharibə həm işğal edilmiş ərazilərdə, həm də Ermənistanda Azərbaycanın mədəni irsinə ciddi ziyan vurmuşdur.
İlkin məlumatlara əsasən, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində ölkəyə onmilyardlarla ABŞ dolları məbləğində ziyan dəymişdir. 12 may 1994-cü il tarixində atəşkəs imzalanmışdır, lakin Ermənistan atəşkəsi pozmaqda davam edir. 2003-cü ilin yayından etibarən erməni tərəfinin atəşkəsi pozma halları kəskin şəkildə artmışdır. Onlar atəşkəs xətti boyu Azərbaycan əsgərləri ilə yanaşı, ətraf ərazilərdə yaşayan dinc əhaliyə də atəş açır, onları qətlə yetirirlər./anspress/