Qarabağda ildırım sürətli müharibə
20.07.2015 1247 0.0 0

“Əminəm ki, Qarabağ münaqişəsinin həlli üzrə əsas danışıqlar ATƏT-in Minsk qrupunun müstəvisindən kənarda aparılır”.

Məlumata görə, bunu politoloq Qabil Hüseynli Avropa Şurasının sədri Donald Tuskun İrəvana bu gün etdiyi səfəri şərh edərkən bildirib.

“Düşünürəm ki, danışıqlar pozitiv istiqamətə doğru irəliləyir və tezliklə yalnız Laçın və Qayğı qəsəbəsi istisna olmaqla Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarıla bilər”, - deyə politoloq bildirib. 

 


Politoloq Qabil Hüseynli

 

 

Politoloq fikirlərini erməni qəzetlərinin bu gün dərc etdiydi bir faktla əsaslandırmağa çalışır. Erməni dilində çıxan həmin qəzetlər yazır ki, Moskva İrəvana, İrəvan isə Xankəndiyə əmr verib ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş bütün ərazilər boşaldılsın və ordakı infrastruktur məhv edilsin. 

Lakin erməni qəzetlərinin yazdıqları bu gün İrəvanda Donald Tuskla görüşən prezident Serj Sarkisyanın nümayiş etdirdiyi mövqeyə uyğun gəlmir. Görüş zamanı Donald Tusk Avropa Birliyinin (AB) Azərbaycanla Ermənistan arasında dialoqun güclənməsini və istənilən barışıq səylərini dəstəklədiyini vurğulayıb. 

Serj Sarkisyan isə Avropa Şurasının sədrini əmin etməyə çalışıb ki, Qarabağ üzrə danışıqları ATƏT-in Minsk qrupunun çərçivəsindən kənara çıxarmaq səylərinin heç bir əsası yoxdur: “Azərbaycan danışıqlar prosesinin məğzini nə qədər dəyişməyə çalışsa da, Dağlıq Qarabağ əhalisinin azad iradə ifadə etməsinə artıq heç kimi etirazı yoxdur və mənim bəyanatımla bu bir daha təsdiq edilir”.

Göründüyü kimi, erməni lider avropalı qonağın yanında Rusiyadan gələn əmrlərə boyun əymədiyini iddia etməyə çalışır. Ola bilər ki, Rusiya da Qarabağ məsələsini təkbaşına həll etmək məsələsinə gündəmə gətirməklə Avropa Birliyi və bütövlükdə qərblə bazarlıq etmək istəyir.

Təbii ki, Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun çərçivəsindən kənarda həll edilməsi qərbi Cənubi Qafqazdan bir dəfəlik kənarlaşdıra bilər. Moskva Brüsseli sakitləşdirmək üçün bu məsələni ən sonda Minsk qrupunun çətiri altına sala bilər. Amma bu da Qərbin regionu tərk etməsi olacaq. Donald Tusk kimi Avropa siyasətçilərinin regiona səfərləri də məhz qərblə Moskava arasında gedən bu ziddiyyətli danışıqlar prosesinin bir hissəsi ola bilər. Yəni bu məsələ ilə bağlı Moskvaya tam etibar eləmək mümkün deyil. 

“Biz bu məsələdə ehtiyatlı davranmalıyıq və mütəmadi olaraq ordumuzun gücünü artırmalıyıq. Bəlkə də, məsələnin həlli ildırım sürətli bir hərbi əməliyyatdadır. Belə əməliyyət bizə Dağlıq Qarabağ ətrafı rayonları çox sürətlə geri qaytarmağa imkan yaradar. Mən sizə deyim ki, bu, Serj Sarkisyan üçün də çıxış yolu olar. Hər halda, Dağlıq Qarabağın erməni yaşayış məntəqələri onların əlində qalacaq. Erməni xalqına isə ordunun strateji yüksəkliklərdə müdafiə mövqeyi tutduğunu deyərlər. Danışıqlar prosesi isə növbəti mərhələyə qədəm qoyar”,- deyə Qabil Hüseynli vurğulayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar