Polad Bülbüloğlu “Ашетт Коллекция” jurnalına məktub göndərdi
“Ашетт Коллекция” nəşriyyat evi tərəfindən həftədə bir dəfə 19200 tirajla dərc olunan və əsasən MDB məkanında satılan, kolleksiyaçılar üçün nəzərdə tutulan “Монеты и купюры мира” jurnalının 85-ci sayında qondarma “Dağlıq Qarabağ Respublikası”na həsr olunmuş silsilə məqalələr dərc olunub.
Azərbaycanın Rusiya Federasiyasindakı səfirliyindən verilən məlumata əsasən, sözügedən məqalələrdə separatçı rejimin “tarixi, müstəqillik yolu və iqtisadiyyatı”, habelə qondarma “respublikanın valyuta siyasəti, onun pul vahidi” haqqında söhbət açılır.
Bununla bağlı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu jurnalın baş redaktoruna müvafiq məktub göndərib. Səfirliyin məktubunda bildirilib ki, jurnalın 85-ci buraxılışında dərc olunan məqalələr birtərəfli və həqiqət olmayan mövqeyi əks etdirir, qərəzlidir və buradakı tarixi faktlar kobud şəkildə təhrif olunmuşdur. Bundan əlavə məktubda dərc olunmuş məqalə ilə əlaqədar Rusiyanın “Kütləvi İnformasiya Vasitələri” haqqında Qanununun 43-cü maddəsinə əsasən təkzib verilməsi xahiş olunub.
Bununla bağlı “Ашетт Коллекция” nəşriyyat evi tərəfindən “Монеты и купюры мира” jurnalının bu ay çap edilən buraxılışında qeyd olunan məqalə ilə əlaqədar təkzib verilib. Təkzibdə sözügedən jurnalın numizmatlar üçün nəzərdə tutulduğu, jurnalın redaksiyasının heç bir halda siyasi fikir və qərəzli mövqe nümayiş etdirmək kimi niyyətinin olmadığı vurğulanıb.//AnsPress