"Serj Sarkisyan və İlham Əliyev Moskvanın çağırışı üzrə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salmağa razılaşıblar."
Məlumata görə, bunu Dövlət Dumasının keçmiş deputatı, Rusiya Federasiyasının Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, İctimai Palatanın nümayəndəsi, politoloq və iqtisadçı Sergey Markov iddia edib.
O, Ermənistan mətbuatına verdiyi müsahibədə deyib ki, ümumiyyətlə, bəzi şifahi razılıqlar mövcuddur, lakin hələ rəsmən imzalanmayıb. Anladığım qədər, Soçi görüşündə Qarabağ münaqişəsinin nizama salması üçün razılaşmanın tərtib edilməsi haqqında razılığa nail olunmuşdu. Beləliklə, vəziyyət prinsipial olaraq dəyişdi, irəliləmə başladı. Lakin konkret hansı prinsiplər üzrə razılaşma yoxdur.
Onun sözlərinə görə, Rusiya bir sıra məsələlərdə razılaşma əldə olunması üçün münaqişə edən tərəflərə dalandan çıxmağa kömək etməyə çalışır. Ərazilər Azərbaycana aiddir, amma Ermənistan blokadadan çıxarılmalıdır. Beləliklə, güzəştlər üçün şərait və şərtlər mövcuddur.
Politoloq "Parisdə bu il oktyabrın 27-də Fransa prezidenti Fransua Olland tərəflərə Böyük Sülh razılaşması üzərində işləməyə başlamağı təklif etdi, eyni zamanda, belə razılaşmanı Rusiya da təklif edir" sualına belə cavab verib: "Fransanın bu məsələdə rolu zəifdir. Ümumiyyətlə, Fransa prezidentinin apardığı xarici siyasət ABŞ-dan asılıdır."
Mərkəz rəhbəri vurğulayıb ki, ATƏT-in Minsk qrupunun işi ABŞ tərəfindən iflic olunur. Son illərdə Qarabağ münaqişəsinin həllində ABŞ dağıdıcı siyasət aparır, Ermənistan və Azərbaycan arasında güzəştlərin əldə olunması prosesinə mane olur, Cənubi Qafqazda qaynar nöqtələrin mövcudluğuna üstünlük verir: "Nəhayət, Ermənistan, Azərbaycan və Rusiya anladı ki, ABŞ Qarabağ münaqişəsinin nizama salmasının imkanını məhdudlaşdırır. İndi onlar ABŞ-sız işləməyə məcburdular." //ANS PRESS