Azərbaycanda xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirən 3 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov sorğusuna cavab olaraq bildirib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunan bu cür hərəkətlərin qarşısının alınması sahəsində əlavə tədbirlərə dair xüsusi göstəriş imzalanıb.
Həmin göstərişdə Mərkəzi Bankın İdarə Heyətinin 28 iyun 2006-cı il tarixli Qərarı ilə təsdiq edilmiş "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydaları"nın tələblərini pozmaqla müvafiq icazəsi olmadan qanunsuz fəaliyyət göstərən mübadilə yerlərinin aşkarlanması məqsədilə aidiyyəti qurumlarla birgə qanunvericiliyə əsasən operativ tədbirlərin, o cümlədən valyuta tənzimi haqqında mövcud qanunvericiliyi pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasını və ya dəyişdirilməsini həyata keçirən şəxslərin müəyyənləşdirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə uyğun olaraq (inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizindən 70 faizinədək miqdarda cərimə) müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur: “Artıq göstərişin tələblərinə uyğun olaraq, polis əməkdaşları tərəfindən xarici valyutanın qanunsuz mübadiləsinin həyata keçirilməsinə qarşı tədbirlərə başlanılıb və bu işlə məşğul olan 3 nəfər saxlanılıb. Eyni zamanda, vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, göstərilən istiqamətdə tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək”.
Sadiq Gözəlov - Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi
Son günlər manatın məzənnəsində olan dəyişikliklərdən sui-istifadə edən bəzi şəxslər tərəfindən xarici valyutanın alınması və satılmasının Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi qaydada yalnız müvəkkil banklar vasitəsilə həyata keçirilməsinə dair normativ hüquqi aktların tələbləri pozulmaqla qanunazidd hallara yol verilir, xarici valyutanın mübadiləsi buna müvafiq icazəsi olmayan və qanunsuz fəaliyyət göstərən şəxslərin təşkil etdiyi mübadilə yerlərində, xüsusən iri ticarət mərkəzlərində və digər ictimai yerlərdə alınıb-satılır və ya dəyişdirilir.
Ötən gün Nəsimi rayonunda 28 may metrostansiyasının yaxınlığında bəzi işbazlar valyutadəyişmə məntəqələrinin bağlı olmasından sui-istifadə edərək 1 ABŞ dollarını 2 AZN-ə satmağa çalışıblar./anspress/
Bağlı valyutadəyişmə məntəqələri