Qar Avropa və Amerika qitəsini ağ örtüyə bürüyüb. Şaxtalı havanın müşahidə olunduğu Almaniya, Fransa və Danimarkada ötən gündən etibarən qar yağmağa başlayıb.
Almaniyanın bəzi şəhərlərində insanlar artıq ilk qarın həzzini dadıb. Lakin heç də hamı eyni fikirdə deyil.
“Sadəcə, soyuqdur. Mən yay fəslini seçərdim. Milad ərəfəsində qarın yağması yaxşıdır. Lakin qar normadan artıq yağanda fəsadlara səbəb olur”, - deyə Hamburq sakini bildirib.
Fransada isə ilk qar uşaqlar üçün əyləncəyə çevrilib. Valideynlər uşaqları ilə qartopu oynayıblar.
Danimarkanın paytaxtı Kopenhagendə qarın hündürlüyü bəzi yerlərdə 150 santimetrə çatıb. Yolların buzlanması qəzalara səbəb olub. Bəzi bölgələr şəhər mərkəzindən tamamilə təcrid olunub.
Qarkürüyən avtomobillər yolları açmaq üçün dayanmadan çalışıblar.
Okeanın o tayına da qar yağıb. Amerika Birləşmiş Ştatlarının İllinoys ştatında qar nəqliyyatın hərəkətini iflic edib. Vəziyyyətlə əlaqədar aviaşirkətlər 500-dən çox uçuşu təxirə salmaq məcburiyyətində qalıblar./anspress/