Qanunsuz parklama Bakı şəhərində tıxaclara səbəb olur.
ANS TV-nin məlumatına görə, hər gün paytaxt yollarında baş verən tıxaclar həm insanların əsəblərini tarıma çəkməklə yanaşı, həm də boş vaxt itkisinə səbəb olur.
Nəqliyyat axınında sıxlığın yaranmasına bir çox səbəblər var. Bunlar arasında ən başlıcası avtomobillərin düzgün park edilməməsidir.
Sürücülər çox vaxt durma və dayanma qadağandır işarəsinin tələblərinə belə məhəl qoymurlar. Bəzi sürücülər isə parklanma ərazisini görər-görməz belə də olmalıymış kimi avtomobillərini necə gəldi saxlayırlar. Əslində isə avtomobillər yolun kənarında səkiyə paralel olaraq park edilməlidir.
“Yolların, küçələrin, prospektlərin kənarında heç bir halda ikinci cərgədə dayanmaq olmaz. Məhz Bakı şəhərində sıxlığa səbəb olan əsas məsələ avtomobillərin ikinci cərgədə dayanmalarıdır. Eyni zamanda durma və dayanmanın qadağan edilmədiyi yerlərdə sürücülər avtomobillərini səkiyə perpendukliyar saxlayaraq bir neçə hərəkət zolağını bağlayırlar”, - deyə nəqliyyat üzrə mütəxəssis Ərşad Hüseynov bildirib.
Düzgün park edilməyən avtmobillər isə təbii ki, qanunda müəyyən edilmiş qaydada protokol yazılaraq cərimələnir. Lazım gələrsə, avtomobil ərazidən evakuasiya edilməklə digər nəqliyyat vasitələrinə mane olmasının qarşısı alınır.
BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyir ki, gün ərzində əməkdaşlarımız tərəfindən 300-dən artıq avtomaşın cərimə olunub: “Onlar haqqında protokol tərtib edilərək evakuasiya edilib. Biz həmişə belə tədbirləri həyata keçiririk ki, sıxlıqlar yaranmasın”.
Ümid edək ki, sürücülər bundan sonra avtomobili saxlayarkən qaydalara riayyət edərlər ki, sonradan nə artıq xərcə düşsünlər nə də vaxt itkisinə./anspress/