Azərbaycanın Gürcüstandakı səfirliyi 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, yanvarın 20-də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun təşəbbüsü ilə səfirliyin və konsulluğun əməkdaşları, Azərbaycan şirkətlərinin nümayəndələri Ümummilli Liderimizin Tbilisinin mərkəzindəki Heydər Əliyev parkındakı abidəsi önünə gül dəstələri düzülüb.
Sonra kollektiv 1989-cu il 9 Aprel qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, gül dəstələri düzüblər.
Daha sonra tədbir səfirlikdə davam etdirilib. Mərasim iştirakçıları səfirliyin foyesində Qanlı Yanvar faciəsini əks etdirən fotosərgiyə baxıblar.
Tədbirdə Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xzinaşvili, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Marneuli İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, elm, ictimaiyyət xadimləri, SOCAR-ın, Azərbaycan Beynəlxalq Bankının, Azərbaycan Dövlət Dəmir Yolu QSC-nin Gürcüstan nümayəndəliyinin əməkdaşları, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səfir Dursun Həsənov çıxış edərək Azərbaycan xalqının azadlıq, müstəqillik və müharibə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindənətraflı söhbət açıb. Bildirib ki, Qanlı Yanvar hadisələri Azərbaycan tarixinin faciəli anı olduğu qədər də qəhrəmanlıq və şərəfli səhifələrindənbiridir. Faciənin təməlinin hələ 1987-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin SSRİSiyasi Bürosundan və rəhbərliyindən uzaqlaşdırılması ilə başlandığını vurğulayan diplomat deyib ki, “20 Yanvar” Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqa ağır mənəvi zərbə vurmaq məqsədilə qabaqcadan hazırlanmış təcavüzkar aksiya idi. Bu qanlı faciəni törədənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının qarşısını bütün vasitələrlə almaq istəyirdilər. Lakin xalqımızın əzmi və mübarizəsi nəticəsində buna nail ola bilmədilər.
O zaman yalnız Ümummilli Liderimiz bütün çətinliklərə, siyasi təzyiqlərə baxmayaraq siyasi iradə nümayiş etdirərək, 1990-cı il yanvar ayının 20-də ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirirəkbaşda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdırdı.
Dahi rəhbərin səyi nəticəsində bu faciəyə siyasi-hüquqi qiymət verilib. Yanvarın 20-nin Ümumxalq Hüzn Günü kimi keçirilməsi də məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Diplomat vurğulayıb ki, bu qanlı faciənin dünya ictimaiyyətinin daha yaxından tanıtdırılması istiqamətində Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xüsusi diqqəti və dövlət qurulmarına, xaricdəki diplomatik nümayəndəliklərimizə tapşırıqlarının və həyata keçirilmiş eləcə də davam etdirilən tədbirlərin nəticələridir ki, artıq bu faciə barədə dünya ictimaiyyəti daha çox məlumat əldə etməkdədir.
D.Həsənov təəssüf hissi ilə qeyd edib ki, Sovet imperiyası 1989-cu il aprelin 9-da dost və qardaş gürcü xalqına qarşı da eyni cür divan tutub. İki qardaş xalqı birləşdirən müstəqillik uğrunda həyatlarında keçən qəhrəmanların əziz xatirəsi bizim tərəfimizdən də daim ehtiramla yad olunur.
Sonra qubernator Paata Xzinaşvili, deputat Mahir Dərziyev, Gürcüstan Ağsaqqallar Şurası sədrinin müavini Mayak Neymətov, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru Saridon Zedelaşvili və başqaları çıxış edərək Sovet imperiyasının 1989-cu ilin aprelində Gürcüstanda, 1990-cı ilin yanvarında Azərbaycanda törətdiyi qırğınların səbəblərindən danışıb, paralellər aparıb, bu kimi hadisələrin xalqlarımızın mübarizə əzmini qırmadığını, əksinə daha da möhkəmləndirdiyini xüsusi qeyd ediblər.
Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib./Report/