Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qadın güləşi üzrə mübarizə başa çatıb.
Qazeta.info xəbər verir ki, millimiz bu yarışda 5 illik sindroma son qoyub. Belə ki, sonuncu dəfə 2017-ci ildə keçirilən analoji yarışda qadın güləşində medal qazanmışdıq. Plovdivdə cəmi 6 güləşçiylə təmsil olunan yığmamızın 4 üzvü fəxri kürsüyə qalxdı. Jalə Əliyeva (62 kq) qızıl, Elnurə Məmmədova (55 kq) gümüş, Gültəkin Şirinova (53 kq) və Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazandı. Bu nəticəylə komandamız 93 xalla Avropa çempionatını 5-ci pillədə başa vurdu. Millimiz yalnız Türkiyə (143), Macarıstan (120), Polşa (118) və Moldovadan (96) geri qaldı.
Qeyd edək ki, millimizin bu nəticəsi həm medalların sayına, həm də əyarına görə U-23 Avropa çempionatları tarixində qadın güləşində ikinci ən böyük uğurdur. Yalnız 2016-cı ildə Bolqarıstanın Ruse şəhərində təşkil olunan qitə birinciliyində bundan bir medal artıq (1 qızıl, 1 gümüş, 3 bürünc) əldə edilmişdi.