Qadın direktorun döydüyü müəllim işdən qovuldu-VİDEO
13.02.2016 1066 0.0 0

 

Məlum olduğu kimi, ötən ayın sonlarında Qazeta.info -ya Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbində çalışan bir qrup müəllimin imzası ilə yuxarıda adı çəkilən məktəbin direktoru Mənsura Şahverənovanın özbaşınalığını əks etdirən şikayət ərizəsi ilə müraciət daxil olmuşdu.
Qısa olaraq xatırladaq ki, həmin şikayətdə müəllimlər bildirirdilər ki, çalışdıqları məktəbdə direktorun qanunsuz əməlləri ilə bağlı respublikamızın prezidenti və digər dövlət məmurlarımıza dəfələrlə şikayət ərizəsi yazılıb. Məsələnin həll olunması üçün rayon rəhbərliyinə müvafiq tapşırıq verilsə də, Mənsura Şahverənovanın əməllərinə rayon rəhbərliyi hansı səbəbdənsə göz yumub. Və olunan şikayətlərə görə xanım direktor həmin müəllimləri hədələmiş, bu prosesi öz telefonu ilə lentə almağa çalışan 17 ildir yuxarıda adı çəkilən məktəbdə müəllim işləyən 58 yaşlı Əmirov Qalabəy Tomar oğluna isə sillə vuraraq  "get kimə göstərirsən göstər" deyə bildirmişdi.

Qazeta.info bildirir ki, həmin dövrdə böyük səs-küyə səbəb olan bu görüntülərə Təhsil Nazirliyindən cavab olaraq bildirilmişdi ki, qeyd edilən məktəbdə qanunsuzluqlara yol verilməsi barədə Nazirliyə daxil olmuş elektron müraciətlər qurumun əməkdaşları tərəfindən yerində araşdırılmış və həqiqətən də, məktəbə rəhbərlik və nəzarətin təşkilində ciddi qanunsuzluqlara yol verildiyi müəyyən edilmişdi. Araşdırmanın nəticəsi olaraq isə, məktəbin direktoru və onun müavinləri barəsində ciddi intizam tənbehinin görülməsi ilə əlaqədar müvafiq sənədlər hazırlandığı qeyd edilmişdi.
 Lakin bu gün Qazeta.info saytına daxil olan məlumat və sənədlər belə deməyə əsas verir ki, sözü gedən hadisədən yenə də zərərli çıxan  döyülən 58 yaşlı və 17 il yuxarıda adı çəkilən məktəbdə müəllim işləyən Qalabəy Əmirov olub.

 


Belə ki, hadisənin mətbuatda yayılmasından 6 gün sonra (30.01.2016-cı il tarixdə) adı çəkilən məktəbin direktoru Q.Əmirovun işdən çıxarılması haqda rəsmi əmr imzalayıb. Bizə təqdim olunan sənəddən də göründüyü kimi, döyülən müəllimin 01.06.2016-cı ildə həmin məktəbdə fəaliyyətinə xitam verilməsi əks olunub.Oxuculara tam aydın olsun deyə bildirək ki, Əmək Məcəlləsinə müvafiq olaraq  əmək müqaviləsi ildə bir dəfə bağlanır.Zərərçəkənin fəalyyətinə məhz 01.06.2016-cı il tarixdə xitam verilməsi qanunların yaratdığı məcburiyyətdir desək yanılmarıq. Lakin onu da deməliyik ki, Q.Əmirovun bizə bildirdiyinə görə, qanunla onun fəaliyyətinə hələ iyun ayında xitam verilməli olsa da, qeyd edilən hadisənin Təhsil Nazirliyi səviyyəsinə qalxması səbəbindən Q.Əmirov məktəb direktoru tərəfindən məktəbə buraxılmır.

Əlavə olaraq qeyd edək ki, 24.01.2016-cı il tarixdə müəllimin qadın direktor tərəfindən döyülməsini əks etdirən video görüntülərin yayılmasından bir neçə gün sonra Qazeta.info olaraq Təhsil Nazirliyi ilə əlaqə saxlayıb məsələyə münasibət bildirilməsini xahiş etmişdik.Mətbuat xidməti isə hadisə ilə əlaqədar arşdırma başlandığını və qısa zamanda açıqlama veriləcəyini bildirmişdi. Elə də oldu. Təhsil Nazirliyi 05.01.2016-cı il tarixdə həmin məktəbin direktoru haqda ciddi intizam tənbehinin görüləcəyini açıqlamışdı. Amma yuxarıda əks olunan fotodan da göründüyü kimi, Təhsil Nazirliyinin araşdırma apardığı dövrdə cəzalanan yenə də döyülən müəllim olub.

P.S.Qazeta.info bildirir ki, yazıda gedən bütün tərəflərin mövqeyini dinləməyə hazırıq.

 

 

 

Direktorun sillə vurduğu 58 yaçlı hərbi müəllim

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar