Qaçqınların aylıq elektrik enerjisi normasına yenidən baxılması təklif olunur
13.04.2016 596 0.0 0

Azərbaycanda qaçqınların və məcburi köçkünlərin elektrik enerjisi normasına, istifadələrində olan əkin sahələrinin suvarılmasının dövlət hesabına ödənilməsi məsələsinə yenidən baxılması təklif edilib.
 
Məlumata görə, bu, Hesablama Palatasının Nazirlər Kabinetinə təklifində yer alıb.
 
Hesablama Palatası bildirib ki, əhalinin sosial müdafiəsi tədbirlərinin bir hissəsi qaçqınların və məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi ilə bağlıdır. Bu kateqoriyadan olan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, sosial rifahının dəstəklənməsi həmişə ölkə rəhbərinin diqqət mərkəzində olub. Həyata keçilən tədbirlər arasında istifadə edilən kommunal xidmətlərin haqqının büdcə vəsaitləri  hesabına ödənilməsi sosial müdafiə cəhətdən həssas olan bu qrupun həyat səviyyəsinin dəstəklənməsində xüsusilə əhəmiyyətlidir. Həyata keçirilən nəzarət tədbirləri məskunlaşmamış qaçqınlara və məcburi köçkünlərə istifadə etdikləri elektrik enerjisinin haqqının ödənilməsi ilə bağlı bir neçə təklifi irəli sürmək imkanı verir.
 
Palata ilk olaraq qeyd edib ki, 2012-2014-cü illərdə bu istiqamətdə dövlət büdcəsindən təxminən 61 mln. manat məbləğində vəsait icra edilib. Məskunlaşmamış qaçqınlara və məcburi köçkünlərə istifadə etdikləri kommunal, nəqliyyat və digər xidmətlərin əvəzində müavinət ödənilməsi “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanında nəzərdə tutulub. Fərmanın icra mexanizmi Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqınların və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası” ilə müəyyən olunub. Qaydaya əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin istifadə etdikləri kommunal, nəqliyyat və digər xidmətlərin, o cümlədən elektrik enerjisinin dəyəri mərkəzləşdirilmiş qaydada xidmət təşkilatlarına ödənilir. Hesablama Palatası nəzərə çatdırır ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə elektrik enerjisinin adambaşına müəyyən edilmiş istehlak norması 50kVt/saat, 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərara əsasən isə məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin elektrik enerjisi norması adambaşına aylıq 150 kVt/saat təsdiq edilib.  Aparılmış təhlillər göstərir ki, məskunlaşmamış qaçqınlar və məcburi köçkünlər tərəfindən faktiki istehlak edilmiş elektrik enerjisinin həcmi yerli əhalinin istehlak həcmindən nəzərəçarpacaq dərəcədə çoxdur. Həmçinin qeyd edilməlidir ki, bu fərq eyni yaşayış şərtlərinə malik yerli və məcburi köçkün ailələrinin istehlakında da müşahidə edilir. Belə ki, xidmət göstərən təşkilatlardan alınmış məlumatlara görə respublikanın bütün rayon və şəhərlərində yerli əhalinin orta istehlak göstəricisi 60-80kVt/saat həcmindədirsə, imtiyazlı kateqoriya üzrə bu göstərici 150kVt/saat, başqa sözlə, normativ aktla müəyyən edilmiş həcmdədir: “Diqqətə çatdırmaq istərdik ki, bu meyl respublika üzrə qazla təchizat səviyyəsinin genişləndiyi bir şəraitdə də dəyişməz qalıb. Qeyd edilənləri, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş geniş miqyaslı tədbirləri, respublika ərazisinin, demək olar ki, tam olaraq qazla təchiz edildiyini, həmçinin məcburi köçkünlərin istehlak normasının digər kateqoriyalarla müqayisədə yüksək müəyyən edilməsinin qeyri-səmərəli istehlaka yol açdığını nəzərə alaraq məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin adambaşına aylıq elektrik enerjisi normasına yenidən baxılması təklif olunur”.
 
Hesablama Palatası onu da qeyd edib ki, aparılmış araşdırmalar nəticəsində imtiyazlı kateqoriyadan olan şəxslərə büdcə vəsaitləri hesabına qanunvericilikdə müəyyən edilmiş güzəştlə ödənilən xidmət növləri sırasında nəzərdə tutulmadığı halda, məcburi köçkünlərin əkin sahələrinin suvarılması üçün əlavə vəsaitlər ödənildiyi də müəyyən edilib. Məcburi köçkünlərin əkin sahələrinin suvarılması isə onlara qanunvericilikdə müəyyən edilmiş büdcə vəsaitləri hesabına güzəştlə ödənilən xidmət növləri sırasında nəzərdə tutulmayıb. Aparılmış həmin nəzarət tədbirinin nəticələri ilə əlaqədar Komitənin Palataya cavab məktubunda əkin sahələrinin suvarılması üçün büdcə vəsaitlərinin xərclənməsinin məcburi köçkünlərin məşğulluq problemlərinin qismən həllinə nail olunması məqsədi ilə həyata keçirildiyi bildirilib. Hesablama Palatası bildirir ki, qanunvericilikdə nəzərdə tutulmadığı halda məcburi köçkünlərin istifadəsində olan əkin sahələrinin suvarılmasının dövlət hesabına ödənilməsi, həmçinin mümkün olduğu halda suyun dəyərinin daha aşağı tariflə ödənilməməsi bu istiqamətdə büdcə vəsaitlərinin daha qənaətli sərfinə ehtiyac olduğunu göstərir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar