Qərbin Azərbaycanla bağlı milyonluq sensasion planı
10.12.2016 1534 0.0 0

 

Bakı və Moskva arasında normal münasibətlər Qərbin ziyanına işləyir.

Qazeta.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında ABŞ-ın Azərbaycana ayırdığı maliyyə yardımının artırılmasına münasibət bildirən millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, bu, artıq məşhur inqilab nəzəriyyələridir, hansı ki, müasir dünyamızda da davam edir və hazırkı beynəlxalq xaos da əksər hallarda məhz narıncı, qızılgül inqilabları və yaxud "ərəb baharı" layihəsi vasitəsilə yaşanmaqdadır:

“Əslində, Amerika-Azərbaycan münasibətlərində 907-ci düzəlişdən sonra fərqli bir siyasi dönəm başlamalı idi. Əlbəttə ki, yeni müstəqil dövlət kimi formalaşmaq, demokratiyanı inkişaf etdirmək, iqtisadi islahatları dərinləşdirmək, yeni regional və beynəlxalq münasibətlər sistemini qurmaq üçün Qərb dövlətləri, xüsusilə, Birləşmiş Ştatlarla yaxından əlaqələrimiz əhəmiyyət daşısa da, çox təəssüf ki, bir sıra hallarda biz fərqli tendensiyaların şahidi olduq. İlk növbədə enerji resurslarına göstərilən maraq müqabilində dərhal hakimiyyət əleyhdarları Amerikanın maliyyə yardımları ilə ayaqda saxlanıldılar, himayə edildilər, medialarına müxtəlif layihələr vasitəsilə pullar ötürüldü. Bir ölkənin siyasi iqtidarını devirmək planı kimi partiya, media strukturları və QHT-lər vasitəsilə özününküləri yaratdılar.

Azərbaycan Amerikadan uzun müddət maliyyə yardımı almadı, əvəzində Ermənistan onlardan 2 milyard 200 milyon dollar kömək görüb və əksər vəsaitlər titullu adlarla təqdim olunub. Yəni guya bu, demokratik sistemin möhkəmlənməsinə, hakimiyyət bölgüsünün aparılmasına, xalqın təmsilçiliyinə, şəffaflığa, maliyyə hesabatlılığına və s. səbəb olmalıydı. Əgər bu gün Ermənistanın müxalifətinin nitqlərinə qulaq assanız, görəcəksiniz ki, 2 milyard 200 milyon dollar necə itirilib, mənimsənilib və ya müharibələrə xərclənib. Faktiki olaraq Amerika seçicisinin pulu siyasi qurumların verdiyi səhv qərar nəticəsində öz təyinatına çatmayıb”.

Millət vəkili vurğulayıb ki, Azərbaycana müəyyən maliyyə vəsaitlərinin artırılmasında əsas məqsəd ölkədə sosial iqtisadi sahələrdə transformasiya aparmaq, bunu məhz dövlətlə əməkdaşlıq zəminində etmək üçün deyil, ölkəmizin regional miqyasda hansısa tərəflərə qarşı qoyulması niyyəti ilə edilir:

“Bu o deməkdir ki, həmin himayə olunan mətbuat orqanları ilə Rusiyanın düşmən obrazı yaradılmaqda davam edəcək. Təəssüf ki, tarixdə də şimal qonşumuz tərəfindən yol verilən elə hərəkətlər var və bu, əsas verir ki, onun üzərində böyük hekayələr qurulsun. Sanki bu da Azərbaycan xalqının xeyrinə olan bir təbliğat kimi qələmə verilir. Həqiqət isə Azərbaycan və Rusiyanı toqquşdurmaqdır ki, Qərb qazanmış olsun. Bakı və Moskva arasında normal münasibətlər Qərbin ziyanına işləyir. Onlar düşünürlər ki, hər iki ölkənin neft, qaz resursunu ələ keçirmək üçün bu iki dövləti döyüşdürmək lazımdır. Zamanında 1993-cü ildə çeçen milli azadlıq hərəkatının lideri Cövhər Dudayevin bir müsahibəsindən misal gətirmişdim. O deyirdi ki, artıq mübarizəsinin bir neçə il qanlı səviyyədə davam etdirilməsi fonunda onun Qafqaz konfederasiyası yaratmaq, Rusiyadan ayrılmaq planı, sən demə, Qərb dairələrinin marağına işləyib və onu himayə edənlər çeçenləri azad görmək üçün heç də xoş məramla deyil, əksinə, Rusiyanın dağıdılması üçün həmin layihəyə iqtisadi, hərbi, siyasi dəstək veriblər. Eləcə də Azərbaycana münasibətdə”.

Z.Oruc hesab edir ki, əgər həmin maliyyə ayırmaları bir Qarabağ köçkününün öz ata yurdunu ziyarətə yönəlsə, buna hamı sevinər:

“Əgər həqiqətən də Amerika hökuməti ayrılan maliyyəni dövlətlə əməkdaşlıq zəminində korrupsiya, idarəçiliyin sivilləşdirilməsi, islahatlar, enerji sektorunda idarəetmə sisteminin təkmilləşdirilməsi və sairəyə yönəltsə, bundan razı qalardıq. Ancaq təəssüf ki, indiki halda bu, Azərbaycanda müxtəlif dairələri stimullaşdırmaqla bölgə dövlətləri ilə savaşa sürükləmək, belə demək mümkündürsə, açıq-aşkar bölgədə düşmənçiliyə investisiya qoymaqdır. 907-ci düzəlişin adı azadlığa dəstək aktıdır. Azərbaycanın azadlığına dəstək torpaqlarımızın işğaldan azad olunması üçün verilən dəstəkdir. Əgər bu yöndə bizə kömək etmək istəyirlərsə, ciddi siyasi, diplomatik mövqe ortaya qoysunlar. Bu halda ölkəmiz heç bir Amerika seçicisinin puluna ehtiyac duymayacaq”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar