QƏRB ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİNƏ GETMƏYƏCƏK
16.12.2014 655 0.0 0
“Əslində Avropa tələb edirdi ki, Rusiya öz hesabına boru xəttini inşa etsin və onu Avropa İttifaqına bağışlasın”

 

“Üçüncü dünya müharibəsi haqqında söhbət gedə bilməz, çünki belə müharibə olsa, dünyanın yarısı, o cümlədən Qərb sivilizasiyası məhv ediləcək. Ona görə də Qərb buna getməyəcək”.

 

Bunu açıqlamasında rusiyalı politoloq, Siyasi Konyuktur Mərkəzinin direktoru Sergey Mixeyev Ukraynadakı hadisələr fonunda Rusiya-Qərb münasibətlərinin perspektivlərini şərh edərkən deyib.

 

Politoloq qeyd edib ki, Qərb Rusiyaya başqa yollarla, məsələn Ukrayna vasitəsi ilə təzyiq edəcək: “Belə ssenari mümkündür. Lakin mən düşünürəm ki, bu, Qərbə xeyir gətirməyəcək. Çünki ABŞ-ın öz dominantlığını digər dövlətlərə təzyiq vasitəsilə təmin etmək siyasətinin perspektivi yoxdur. Uzunmüddətli perspektivdə bu siyasət Qərbin özünə və ABŞ-a problem yaradacaq. Doğrudanmı Avropada şərq tərəfdən təhlükə şəraitində yaşamaq maraqlı olacaq? Fikrimcə, Rusiya və Avropada belə şəraitdə heç kim yaşamaq istəməz. Avropa uzaqgörənlik nümayiş etdirmir, ABŞ-ın siyasətinə uyğun hərəkət edir. Lakin gec-tez onlar bu yolda ilişib yıxılacaqlar”.

 

S. Mixeyevin sözlərinə görə, yaranmış vəziyyətdən çıxmaq üçün Rusiya öz iqtisadiyyatını yenidən qurmalıdır: “Təəssüf ki, bunu anlamaq üçün Qərblə münasibətlərdə böhranın baş verməsi lazım olub. Rusiyada illərlə deyilirdi ki, Qərbə arxalanmaq olmaz, təkcə neftlə qazı satmaqla yaşamaq mümkün deyil. Lakin bəzi insanlar bunu eşitmirdilər və hesab edirdilər ki, resursları satmaqla, yaşamaq mümkün olacaq. İndi Rusiya öz iqtisadiyyatının diversifikasiyası, habelə yüksək texnologiya sahələrinin yaradılması ilə məşğul olmalıdır. Avropa isə öz problemləri ilə yaşasın. Rusiya heç kimə yaşamaq dərsi keçmək istəmir, vaxtilə SSRİ kimi öz baxışlarını sırımaq fikrində deyil”.

 

Politoloq həmçinin Rusiyanın “Cənub axını” layihəsinin bağlanması haqqında qərarını şərh edib. Onun sözlərinə görə, Avropanın irəli sürdüyü şərtlərlə bu layihə qeyri-rentabelli olub. “Əslində Avropa tələb edirdi ki, Rusiya öz hesabına boru xəttini inşa etsin və onu Avropa İttifaqına bağışlasın. Nəyə görə biz onu Avropa İttifaqına hədiyyə etməliyik? Fikrimcə, Avropa qəbulolunmaz tələblər irəli sürdü. Məsələn, bir nəfər qonşusuna deyir ki, sən ev tik və mən o evdə yaşayacam, çünki mən səndən meyvə alacam. Belə adamı dəli adlandırmaq olar, lakin Avropa bunu normal hal sayır”, - deyə o fikrini tamamlayıb.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar