Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti plenar iclası sərbəst müzakirələr ətrafında aparılıb.
Məlumata görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva plenar iclasda çıxış edərək Assambleyanı Şahbaz Quliyev və Dilqəm Əsgərovun azadlığa buraxılması üçün Ermənistana təzyiq göstərməyə çağırıb.
«Mən sizin diqqətinizə çox vacib bir məsələni çatdırmaq istəyirəm və bu problemin həllində səylərinizi artırmağa çağırıram. Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlılar - Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçirilib. Onlar neçə aylardır qeyri-qanunu olaraq saxlanılır. Beynəlxalq ictimaiyyətin və AŞPA-nın çağırışlarına baxmayaraq Ermənistan hələ də onları qeyri-qanuni saxlamaqda davam edir. Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailələri sizdən, Assambleyamızdan daha böyük dəstək gözləyir. Mən Assambleyamızı Şahbaz Quliyev və Dilqəm Əsgərovun azadlığa buraxılması üçün səylərini daha da artırmağa çağırıram. AŞPA bu məsələyə özünün sərt münasibətini göstərməli və onların azadlığı üçün addımlar atmalıdır”, deyə Q.Paşayeva bildirib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi, eyni zamanda, Avropa İnsan Haqları məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarını qəbul etməkdən də imtina edir və heç bir addım atmır: “Bu məsələ də Avropa Şurası Parlament Assambleyasını ciddi narahat etməlidir. Bu məsələlərə yanaşmada ikili standartlar olmamalıdır. Biz 1416 saylı qətnamənin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırırıq. Ermənistanın işğalçılığı üzündən 23 ildən çoxdur öz evinə dönə bilməyən insanlar sizdən bunu gözləyir”.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, həmçinin, yanvarda Assambleya tərəfindən Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnamənin qəbul edildiyini xatırladıb: “Həmin qətnamədə AŞPA Ermənistandan tələb edirdi ki, su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməyə son qoysun. Amma Ermənistan bu günə qədər bu sənədin həyata keçirilməsi üçün heç bir addım atmır və on minlərlə insan, bir neçə əhalinin sıx yaşadığı regionlar bundan ciddi əziyyət çəkməkdə davam edir. Biz AŞPA-dan tələb edirik ki, bu məsələyə diqqət yetirsin və qəbul etdiyi qətnamənin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmlərə əl atsın”./apa/