Fəaliyyəti dayandırılmış ANS TV-nin tanınmış aparıcısı, bir müddət əvvəl ölkədən çıxışına qadağa qoyulan Qənirə Ataşova Azərbaycanı tərk edib.
Qazeta.info bildirir ki, bu haqda Gununsesi.info-ya Q.Ataşovaya yaxın mənbə məlumat verib.
Belə ki, verilən məlumatda qeyd edilib ki, Q.Ataşovanın ölkədən çıxışına qoyulan qadağanın götürülməsi üçün məhkəməyə və aidiyyatı orqanlara etdiyi müraciət öz müsbət həllini tapıb. Odur ki, aidiyyatı qurumlar məhkəmənin qərarını gözləmədən Q.Ataşovanın ölkədən çıxışına qoyulmuş qadağanı ləğv ediblər. Onun hazırda xarici ölkələrdən birində olduğu söylənilir.
Xatırladaq ki, Q.Ataşovanın da Azərbaycanda “Gülən işi”ylə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində açılmış cinayət işinə görə, fəaliyyəti dayandırılmış ANS Tv-nin bir qrup əməkdaşıyla bərabər ölkədən çıxışına qadağa qoyulmuşdu.
Qeyd edək ki, Q.Ataşova bu qadağanın götürülməsi üçün prezident İlham Əliyevə də müraciət etmişdi.