Müqəddəs Qədr gecəsinin adının mənası haqqında mülahizələr fərqlidir.
Qazeta.info İslam.az-a istinadən bildirir ki, bəzi alimlər “qədr” sözünü darlıq və sıxlıq mənasında yozaraq, həmin gecə yerə enən mələklərin əlindən sıxlıq yarandığına görə, ona “Qədr gecəsi” deyildiyini bildirmişlər. Elə Qədr surəsinin 4-cü ayəsində də buna işarə vardır: “O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər”.
Bəzi alimlər həmin gecə oyaq qalıb ibadət edən hər kəsin Allah yanında qədr-qiymət qazandığını əsas tutaraq, bu gecənin adının mənasını izah etmişlər.
Bəzi alimlərin fikrincə, Qədr gecəsinin özü Allahın nəzdində qədrli və qiymətli olduğu üçün, Allah onu bu adla adlandırıb.
Daha bir nəzəriyyəyə görə, Qədr gecəsində gələcək bir il ərzində baş verəcək hadisələr Allah tərəfindən təyin olduğu üçün ona bu ad verilib. Bildiyimiz kimi, Allahın izni ilə baş verən və Allahdan başqa heç kimin izni ilə dəyişməyən bütün hadisələr dini anlamda “qəzavü-qədər” və ya “qədər” adlanır. Qədr gecəsində gələcək bir ildə baş verəcək hər şeyin planı cızılır, yəni təqdir olunur. Qurani-kərimin aşağıdakı ayələri də bu fikrin sübutu kimi səslənir: “Biz onu mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur” (Duxan, 3-4).
Qədr gecəsinin dəqiq vaxtı barədə dini mənbələrimizdə birmənalı qəti fikir tapmaq çətindir. Deyilənə görə, hətta bəzi böyük şəxsiyyətlər Qədr gecəsinin Ramazandan başqa vaxtlara da təsadüf etmə ehtimalını istisna etməmişlər. Məşhur səhabə Abdullah ibn Məsud və hənəfi məzhəbinin banisi İmam Əbu Hənifə Qədr gecəsinin təqribi də olsa vaxtını təyin etməkdə çətinlik çəkmiş və bütün il ərzindəki gecələrdən biri olduğunu söyləmişlər (Məcməül-bəyan təfsiri, 10-cu cild, səh. 458). Abdullah ibn Ömər Abdullah ibn Məsudun bu qənaətini belə izah edirdi: İbn Məsud Qədr gecəsinin Ramazan ayında olduğunu bilirdi, amma ümmətin tənbəl olmaması üçün (yəni hər gecə oyaq qalıb gecə ibadəti etməsi üçün) belə demişdi.
Əksər rəvayətlərdən əldə edilən qənaət bundan ibarətdir ki, Qədr gecəsi Ramazan ayının son ongünlüyü içərisində yer alıb. Daha dəqiq desək, Ramazan ayının son ongünlüyünün tək gecələrindən birinin Qədr gecəsi olma ehtimalı qətidir. Ümmül-möminin Aişə Həzrət Mühəmməd Peyğəmbərə (s) istinadən buyurmuşdur ki, Qədr gecəsini Ramazanın son ongünlüyünün tək gecələrində axtarın (Səhihül-Buxari, 2017-ci hədis). Eyni kitabda Ramazanın son yeddi gecəsindən birinin Qədr gecəsi olması haqqında da rəvayətlər vardır. İbn Abbas Ramazanın sonuna 9 və ya 7 yaxud 5 gecə qalmış Qədr gecəsi olduğunu söyləmişdir (Səhihül-Buxari, 2021-ci hədis).
Əhli-sünnə məzhəbində geniş yayılmış fikrə görə, Qədr gecəsi Ramazanın 27-ci gecəsidir. Məşhur səhabə Übeyy ibn Kəb də bu fikirdə idi (Səhihü Müslim, hədis 2777-2778).
Şiə mənbələrində də Qədr gecəsinin Ramazanın son ongünlüyünə təsadüf etdiyi vurğulanır. İmam Mühəmməd Baqirdən (ə) Duxan surəsinin yuxarıda xatırlanan ayələri haqqında soruşanda belə cavab vermişdi: “Bəli, bu, Qədr gecəsidir ki, hər il Ramazan ayının son on gününə təsadüf edir” (əl-Kafi, 4-cü cild, səh. 158). Bu mövzudakı hədislərə diqqət yetirəndə Qədr gecəsinin dəqiq tarixi ətrafında yaranmış dairəni daha da daraldaraq, 19, 21 və ya 23-cü gecələrdən biri ilə məhdudlaşdıra bilərik. Bunun sübutlarından biri “Məcməül-bəyan” təfsirində İmam Cəfər Sadiqdən (ə) rəvayət edilən hədisdir (səh. 460). Əhli-beyt imamları öz hədislərində bu tarixləri daha da məhdudlaşdıraraq, Ramazanın 21-ci və 23-cü gecələri üzərində durmuşlar. Əbu Bəsir adlı səhabə İmam Mühəmməd Baqirdən (ə) Qədr gecələri haqqında soruşanda o həzrət 21-ci və 23-cü gecələrə işarə etmişdi. Əbu Bəsir sualı daha da konkretləşdirərək, bu iki gecədən hansı birinin daha dəqiq olduğunu xəbər alanda İmam ona cavab verdi: “Bu iki gecədə öz istədiyini axtarmaq asandır”. Başqa bir hədisdə İmam eyni suala bu şəkildə cavab verib: “Nə səbəb var ki, hər iki gecədə eyni əməlləri (ibadətləri) etməyəsən; bir halda ki, bunlardan biri Qədr gecəsidir” (Məcməül-bəyan təfsiri, 10-cu cild, səh. 460).
Məşhur bir hədisə əsasən, bir gün bir ərəb Həzrət Mühəmməd Peyğəmbərin (s) hüzuruna gələrək belə demişdi: “Mən səhrada heyvandarlıqla məşğulam və Mədinəyə tez-tez gələ bilmirəm. İstəyirəm hər il Ramazan ayında bir gecə Mədinəyə gəlib, burada səhərə kimi ibadət edim. Hansı gecəni mənə məsləhət görürsən?” Peyğəmbər cavabı onun qulağına söylədi və ərəb getdi. Bundan sonra həmin ərəb hər il Ramazanın 23-cü gecəsində ailə üzvləri ilə birlkdə Mədinəyə gələr, səhərə kimi ibadət edərdi. Bu hədis, həmin ərəbin mənsub olduğu qəbilənin adı ilə “Cühəni hədisi” adlanır və Qədr gecəsinin 23 Ramazan tarixinə təsadüf etmə ehtimalının ən qüvvətli sübutlarından biri sayılır (Vəsailüş-şiə, 10-cu cild, səh. 359-360).
Peyğəmbərin Cühəniyə niyə 23-cü gecəni məsləhət görməsinin səbəbini bilmək istəyənlər üçün İmam Cəfər Sadiqdən (ə) rəvayət edilən bir hədis açar rolunu oynaya bilər. İmam Cadiq (ə) buurub: “Təqdirlər 19-cu gecədə edilir, 21-ci gecədə mütləqləşir və 23-cü gecədə imzalanır” (əl-Kafi, 4-cü cild, səh. 159). Yəni növbəti bir il ərzində baş verəcək hadisələrin qədəri (planı) Ramazanın 19-cu gecəsində hazırlanır, 21-ci gecədə Allah bu qədəri mütləqləşdirir və 23-cü gecədə ilahi hökmlə bu müqəddərat qüvvəyə minir. Yəqin ki, həlledici nöqtə 23-cü gecədə qoyulduğu üçün, Peyğəmbər ərəbə bu gecəni oyaq halda ibadətlə keçirməyi məsləhət görmüşdü.