Qəbul imtahanı ilə bağlı statistik rəqəmlər açıqlanıb
26.05.2016 530 0.0 0

Mayın 22-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanı ilə bağlı statistik rəqəmlər açıqlanıb. 
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib ki, ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirilən imtahanların nəticələrinə əsasən, abituriyentlərdən 10 nəfəri 600-700 bal (0.08 %), 32 nəfəri 500-599 bal (0.27 %), 98 nəfəri 400-499 bal (0.83 %), 368 nəfəri 300-399 bal (3.11 %), 1109 nəfəri 200-299 bal (9.37 %), 10214 nəfəri isə 0-199 bal (86.33 %) arası nəticə göstərib.
 
Xatırladırıq ki, əvvəlki illərin məzunları ötən illər ərzində keçirilən qəbul imtahanlarında iştirak etmiş, lakin müvafiq nəticələr əldə edə bilməyən və ya istədiyi ixtisasa qəbul olmayan abituriyentlərdir. Adətən bu abituriyentlər cari ilin məzunları ilə müqayisədə zəif nəticə göstərərək aşağı bal toplayırlar.
 
Qeyd edək ki, əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələrinə  əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 12800 abituriyentdən 944 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 11856 abituriyentdən 25 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Ən yüksək nəticə göstərən abituriyent IV ixtisas qrupu üzrə imtahan verib və 690 bal toplayıb.
 
İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar