Koreya Xalq Demokratik Respublikası (KXDR) ballistik raketin növbəti sınağına hazırlaşır.
Məlumata görə, bu haqda mənbələrə istinadən “Asia Business Daily” nəşri bildirib.
Xəbərə görə, Cənubi Koreya kəşfiyyatı qitələrarası ballistik raketin KXDR-in qərb sahilinə daşınması barədə informasiya əldə edib. Raket sentyabrın 4-də daşınıb. Raketi silah üzrə ixtisaslaşdırılan hərbi institut yaradıb.
Cənubi Koreya parlamentinin təhlükəsizlik komitəsinə təqdim edilmiş proqnoza əsasən, növbəti raket sınağı sentyabrın 9-da – KXDR-in yaranmasının növbəti ildönümündə keçirilə bilər.
Xatırladaq ki, KXDR sentyabrın 3-də hidrogen yükünün müvəffəqiyyətli sınağı haqqında bəyanat verib. Yük qitələrarası ballistik raketlərin təchizatı üçün nəzərdə tutulub.
Yaponiya yükün gücünü 70 kiloton qiymətləndirib. Bu, 1945-ci ildə Xirosima və Naqasakiyə atılan atom bombalarının gücündən bir neçə dəfə çoxdur.
Sınağa cavab olaraq Seul hərbi təlimlər keçirdi və döyüş başlıqlarının çəkisinə qoyulan məhdudiyyətin ləğvi barədə ABŞ-la razılaşdı.
ABŞ prezidenti Donald Tramp bildirdi ki, Vaşinqton özünün və müttəfiqlərinin müdafiəsi üçün bütün vasitələrdən, o cümlədən nüvə silahından istifadə etməyə hazırdır./Publika.az/