Almaniyanın "Frankfurter Allgemeine Sonntagszeitung" qəzeti Rusiyanın Suriyada döyüş təyyarələrinin uçuş və eniş edə biləcəyi hərbi baza qurduğunu iddia edib.
Məlumata görə, qəzet bu iddianı hərbi mənbələrinə istinadən irəli sürüb.
Xəbərə görə, Rusiya Suriyanın Cabla şəhərinə yüzlərlə əsgər göndərməyi planlaşdırır. Bildirilir ki, Rusiya şəhərdəki hərbi bazanın tikintisini bu ayın sonunda başa çatdıracaq və bunun üçün Antonov AN-124 tipli nəqliyyat təyyarələri ilə 100-ə yaxın uçuş həyata keçirəcək.
Antonov AN-124 nəqliyyat təyyarəsi
Zirehli hərbi texnika, bombalar və modern telekommunikasiya vəsaitləri nəqliyyat təyyarələri ilə Suriya ərazisinə daşınacaq. Tikilməkdə olan hərbi bazada minə yaxın Rusiya əsgəri xidmət edəcək. Hazırda isə həmin bazaya 100-ə yaxın Rusiya əsgəri göndərilib.
Bazanın tikintisinin 28 sentyabrda başa çatacağına diqqət çəkən qəzet yazır ki, Rusiya prezidenti Vladimir Putin BMT-nin Baş Assambleyasının Nyu Yorkda keçiriləcək toplantısında terrora qarşı yeni İttifaq açıqlayacaq və bu İttifaqın İŞİD-lə mübarizə aparacağını bəyan edəcək. Yeni İttifaq Qafqaz və orta Asiyada da aktiv fəaliyət göstərəcək.
İddiaya görə, Putin bir müddətdir ki, yeni ittifaqın yaradılması üçün çalışır. Rusiya prezidenti başda ABŞ olmaqla, Türkiyə, İordaniya, Misir və Səudi Ərəbistanı yeni planına cəlb etmək üçün danışıqlar aparır.
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan
Son vaxtlar Rusiya Suriyada hərbi fəaliyyətini daha da artrıb. Hətta bəzi Qərb kütləvi informasiya vasitələrində iddia olunur ki, Rusiya Suriyadakı hərbi əməliyyatlarda birbaşa iştirak edir.
Bir neçə gün əvvəl Moskvanın Suriyaya iki desant gəmisi və əlavə aviagəmini yollaması barədə xəbərlər yayıldı. Bu ərəb ölkəsinə son günlər ərzində Rusiya çox da böyük sayda olmayan desant kontingenti çıxarıb.
Pentaqon nümayəndələri Rusiya silahlı qüvvələrinin Suriyada hansı məqsədi güddüyünü hələ ki, dəqiqləşdirə bilməyiblər. Versiyalardan birinə görə, hədəflərdən biri Suriya ordusunun nəzarətindəki liman şəhəri Latakiyanın yaxınlığında enmə zolağı hazırlamaqdır.
Rusiya tərəfi Suriyada Rusiya hərbçilərinin olduğunu təsdiqləyib. Xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya hərbçiləri uzun müddətdir ki, Suriyadadır və onlar Suriya əsgərlərinə təlim keçirlər.
“Rusiya hərbçiləri göndərdiyimiz hərbi texnikanı suriyalıların terrorçulara qarşı mübarizədə istifadə edə bilməsi üçün təlim keçir. Göndərdiyimiz təyyarələr isə müqavilələrdə qeyd olunub. Bu təyyarələr humanitar yardım daşıyır”, deyə lavrov bildirib./anspress/