Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəz (VTSİOM) martın 18-də keçiriləcək prezident seçkilərində iştirak edən namizədlərin reytinqini açıqlayıb.
Məlumata görə, VTSiOM-un baş direktoru Valeri Fyodorov reytinq cədvəlini martın 5-7-də və 9-da keçirdikləri sorğu əsasında hazırladıqlarını söyləyib.
Reytinqə hazırki prezident Vladimir Putin liderlik edir. Respondentlərin 69 faiz ona səs verəcəyini bildirib. Seçkilərdə Putinin 69-73 faiz səs toplayacağı proqnozlaşdırılır.
Rəyi soruşulanların 7%-i Kommunist Partiyasının namizədi, iş adamı Pavel Qrudininə səs verəcəyini deyib. Liberal-Demokrat Partiyasının namizədi Vladimir Jirinovski 5%-lə üçüncü, Vətəndaş Təşəbbüsü Partiyasının namizədi, telejurnalist Kseniya Sobçak 2%-lı dördüncü, "Yabloko" Partiyasının namizədi Qriqori Yavlinski isə 1%-lə beşinci yerdə qərarlaşıb.
Sorğunun nəticələrinə görə, digər namizədlər - Rusiya Ümumxalq Birliyi Partiyasının namizədi Sergey Baburin, İnkişaf Partiyasının sədri Boris Titov və Rusiya Kommunistləri Partiyasının sədri Maksim Suraykin 1 faizdən aşağı reytinqə malikdir.
VTSiOM-un məlumatına görə, Qrudininin 10-14%, Jirinovskinin 8-12%, Sobçakın 2-3%, Yavlinskinin 1-2%, Baburin, Titov və Suraykinin hərəsinin 1 faizdən aşağı səs toplayacaqları proqnozlaşdırılır./apa/