“Avdeyevkada hərbi hərəkətlərin eskalasiyası dünya cəmiyyətinin şantajıdır. Beləliklə, Rusiya prezidenti Vladimir Putin Qərbi onunla danışıqlara başlamağa məcbur edəcəyinə ümid edir”.
Ukrayna KİV-inə istinadən xəbər verilir ki, bunu Rusiya müxalifətçisi Konstantin Borovoy Donbasdakı son hərbi fəallığı şərh edərkən deyib.
“Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqindəki vəziyyəti Avropa və ABŞ-ı onunla danışıqlara başlamağa məcbur etmək üçün suni şəkildə gərginləşdirir. Danışıqlar Putinə onun üçün lazımdır ki, ona zəng etsinlər və onunla görüşsünlər. O, böyük dövlətin lideri kimi beynəlxalq proseslərdə təsirini itirib”, - deyə o bildirib.
Siyasətçinin fikrincə, ölkədəki mürəkkəb iqtisadi situasiya - resursların çox sürətlə əriməsi və onların yerinin praktik olaraq doldurulmaması Rusiya liderini belə hərəkətlərə itələyir.
“Beləliklə, ona xarici səhnədə müvəffəqiyyətlər lazımdır. Rusiya ilə ABŞ arasında danışıqlar hələ Donald Trampın inauqurasiyasından əvvəl başlanıb. Trampla telefon söhbəti ümumiyyətlə diplomatik əməliyyata çevrilmişdi. Görünür, Putin Trampla irimiqyaslı danışıqlara ümid edir. O, Ukraynada təcavüzkar hərəkətlərlə dünya cəmiyyətini şantaj etdi. Amma hamı yaxşı anlayır ki, bu, təxtibatdır. Və Qərbin reaksiyası hələ ki çox zəifdir”, - deyə Borovoy qeyd edib.
Onun fikrincə, Putinin qarşıya qoyduğu hədəflərə çatması çox çətin olacaq: “Kremlin sahibi “Yalta-2” (antihitler koalisiyası ölkələrinin - SSRİ, ABŞ və Böyük Britaniya liderlərinin 4-11 fevral 1945-ci ildə Yaltada keçirdiyi görüş müharibədən sonrakı dünya nizamının bərqərar edilməsinə həsr edilib. Görüşdə dünyanın nüfuz dairələrinə bölüşdürülməsi ilə bağlı qərarlar qəbul edilib – red.) və “Reykyavik-2” (İslandiyanın paytaxtı Reykyavikdə 30 il əvvəl SSRİ lideri Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında görüş keçirilib. Moskva və Vaşinqton həmin görüşdə “soyuq müharibə”yə son qoymaq və strateji silahların azaldılması istiqamətində vacib addım atıblar – red.) kimi irimiqyaslı danışıqların başlanmasını istəyir. Amma onun mənfi imici buna mane olur. Əlbəttə, bir çox Qərb siyasətçisi hesab edir ki, Putini tamamilə təcrid etmək olmaz, onunla görüşmək lazımdır. Amma bu, istənilən Qərb liderinin imicinə ciddi zərbədir”.
Qeyd edək ki, yanvarın 29-da Ukraynanın Donetsk vilayətinin Avdeyevka qəsəbəsi ərazisində vəziyyət kəskinləşib. Ukrayna ordusu ilə rusmeylli separatçılar arasında 4 gün davam edən döyüşlərdə, qeyri-rəsmi məlumatlara görə, 180-nə qədər insan ölüb./Publika.az/