Sovet İttifaqının dağılmasından sonra ilk dəfə NATO baş katibinin postsovet mekanlarından birinə - Gürcüstana səfər etməsi Rusiyanı hövsələdən çıxarmış kimi görünür. Rusiya xarici işlər naziri Sergey Lavrovun sabah Bakıya edəcəyi işgüzar səfər də elə bununla izah edilir. Amma Moskvada bu səfərin səbəblərini daha fərqli görürlər.
ANS TV-nin Moskva bürosunun məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, Ermənistan-Azərbaycan, Dağlığ Qarabağ münaqişəsinin həlli və ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesində rolu barədə müzakirələr aparılması nəzərdə tutulub.
Politoloq Ajdar Kurtov da bu səfərin iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirəcəyini deyir:
“Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri ölkələrimiz arasındakı münasibətlərdə əldə edilən nailiyyətləri daha da möhkəmləndirəcək və bəzi yeni sahələrdə də əməkdaşlığımızın təməlini qoyacaq. Biz daha gəlirli sahələrdə əməkdaşlıq etməliyik. Bəzi geosiyasi rəqiblərimiz çalışır ki, biz xammal ölkəsi kimi qalaq, güclənməyək. Onların bu istəyinə mane olmalıyıq”.
Siyasi şərhçi Sergey Mixeyev isə hesab edir ki, Sergey Lavrovun Bakı səfəri ortaq mənfəət sahələrimizin getdikcə genişləməsi ilə bağlıdır: "Əlaqələrimiz uzun müddətli və strateji əhəmiyyətə malikdir. Bu illərlə sınanıb. Lavrovun Bakıda müzakirə edəcəyi çox məsələ var. Bu NATO ilə deyil, aramızdakı uzun müddətli əməkdaşlıq sahaləri ilə bağlıdır”.
Rusiya və Azərbaycan Xarici İşlər Nazirləri ən son 17 iyulda Moskvada görüşmüşdülər. Rusiya ilə Azərbaycan arasında 2014-cü ildə 4 milyard dollardan çox ümumi ticarət həcmi qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 14 faiz artım deməkdir.
İndiyədək Rusiyanin 70-dən çox regionunu təmsil edən 500-ə yaxın firma isə Azərbaycana investisiya qoyub./anspress/