“ Moskva - Ankara münasibətlərinin düzəlməsi üçün ilk addımı Türkiyə atmalıdır” ANS TV-nin məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladmir Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə telefon danışığı zamanı söyləyib.
Türkiyə-Rusiya arasındakı münasibətlər müzakirə edilərkən Putin Türkiyə tərəfinin problemi daha da dərinləşdirdiyini əlavə edib.
Bu telefon danışığı gözlənilən idi. Çünki fevralın 6-da Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Qazaxıstan səfəri zamanı prezident Nursultan Nazarbayevlə Rusiya-Türkiyə münasibətləri müzakirə mövzusu olub.
Güman edilir ki, Davudoğlu Nazarbayevdən iki dövlət arasında vasitəçilik etməsini istəyib. Nazarbayev isə görüş zamanı Rusiya-Türkiyə böhranın onun ölkəsi üçü də böyük problem yaratdığını və çıxış yolu üçün mümkün variantların nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.
Türkiyə tərəfi Putinin dediyi kimi, Rusiyaya tərəf müəyyən addımlar atıb. Bu Türkiyə rəsmilərinin Rusiyaya yaxın ölkələrə səfərləri və birbaşa Moskvanın təsir dairəsində olan dövlətlərə səfərlərindən anlaşılır. Vəziyyət o həddə çatıb ki, iki ölkənin dövlət başçıları arasında telefon danışıqları belə baş tutmur.
Baxmayaraq ki, bir müddət əvvəl Türkiyə tərəfi Putinin Ərdoğanın telefonuna cavab vermədiyini açıqlayıb.
İki ölkə arasında soyuq münasibətlər Rusiyaya məxsus Su 24 təyyarəsinin Suriya ilə sərhəddə vurulmasından sonra yaranıb. Türkiyə bu addımı Rusiyanın sərhədi pozduğu üçün atdığını bildirib. Rusiya isə Türkiyə sərhədini pozmadıqlarını bildirib. Hazırda iki ölkə arasında soyuqluq iqtisadi sahədə qarşılıqlı sanksiyalarla özünü göstərir. /anspress/