Rusiya prezidenti Validimir Putin ölkəsinin Suriyada keçirdiyi hərbi əməliyyatlar barədə danışıb. Məlumata görə, Putin “Rossiya-24” kanalının bu istiqamətdə suallarına cavab verib. Telekanal əməkdaşının Rusiyanin Suriyada quru əməliyyatları keçirib-keçirməyəcəyi barədə sualına cavab verən Rusiya prezidenti belə bir şey olmayacağını deyib: “Nə olursa olsun, belə bir şey olmayacaq. Bunu Suriyadakı dostlarımız da bilir”.
Suriyada davam edən hərbi əməliyyatların səbəbləri barədə suala isə Putin, məqsədlərinin bu ölkədə leqitim hökuməti qorumaq olduğunu deyərək cavab verib: “Vəzifəmiz siyasi problemlərin həlli üçün lazım olan şərtlərin yaranması adına leqitim hökumətə istiqrar qazandırmaqdır.”
Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatların spontan olmadığını, əvvəldən planlaşdırıldığını deyən Putin əməliyyat öncəsində havadan və kosmosdan araşdırma apardıqlarını bildirib. Putin əməliyyat planları barədə əvvəldən bir çox ölkəyə məlumat verdiyini açıqlayıb.
“Partnyorlarımız, ABŞ və Yaxın Şərqdəki ortaqlarımıza planlarımız barədə xəbərdarlıq etmişdik. Bəziləri bunu çox gec etdiyimizi iddia edir. Amma heç kimin planlaşdırdığı oxşar əməliyyatlar barədə bizə məlumat vermədiyinə də diqqətinizi cəlb etmək istəyirəm.”
Vladimir Putin həmçinin başqa ölkələrin də Rusiyanın Suriyada keçirdiyi hava əməliyyatında iştirak edəcəyinə dair ümidini itirmədiyini deyib.
Suriyada əməliyyatların müddəti barədə verilən suala cavab verən Putin bunun davam edəcəyini deyib: “Suriya ordusunun quru hərəkatı davam etdiyi müddətcə bizim əməliyyatlar da davam edəcək.”
Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiya hərbi aviasiyasına məxsus qırıcılar Suriya ərazisində hərbi əməliyyatlara başlayıb. Əməliyyat öncəsində bunun İŞİD-ə qarşı mübarizə olduğu bildirilsə də daha sonra rus qırıcılarının Əsəd rejiminə qarşı olan dinc əhalini bombardıman etdiyi iddia olunmuşdu.
Bundan sonra Rusiya hərbi aviasiyasının Suriya ərazisindəki türkmən bölgələrini bombardıman etdiyi bildirilmişdi.
Daha sonra Rusiyaya məxsus qırıcılar Türkiyənin hava sərhəddini pozmuş, bu səbəbdən rəsmi Ankara rəsmi Moskvaya nota vermişdi. Eyni gün suriyalı müxaliflər Rusiya hərbi aviasiyasına məxsus qırıcı təyyarəni vurmağa müvəffəq olublar.
Oktyabrın 7-də isə Rusiya Suriyadakı İŞİD mövqelərini Xəzər dənizindən uzaq mənzilli raketlərlə vurub. Bununla yanaşı Suriya ordusu qurudan hərəkətə keçərək İdlib və Hama şəhərlərində terrorçulara qarşı hücuma keçib.
Artıq ABŞ rəhbərliyindəki beynəlxalq koalisiyanın bir illik əməliyyatlarını müzakirə edən iraqlılar da İŞİD-əqarşı yardım etməsi üçün Rusiya prezidenti Vladimir Putindən yardım tələb edirlər. /anspress/