Rusiya Suriya ərazisini Xəzər dənizindən bombaladığı barədə rəsmi açıqlama verib.
"RİA Novosti"yə istinadən verilən məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.
"İŞİD-in mövqelərinə Rusiya Federasiyası hərbi gəmilərinin Xəzər dənizi akvatoriyasından endirdiyi zərbələr yüksək səviyyədə dəqiq silahlardan istifadə olunmaqla həyata keçirilib və bütün hədəflər məhv edilib", - prezident bildirib.
Şoyqu bildirib ki, bu səhər də Rusiya qırıcıları Suriya ərazisini Xəzər dənizindən bombalayıb: "Silahlılara zərbələr endirmək üçün təyyarələrdən başqa, bu səhər Xəzər donanmasının gəmilərindən də istifadə olunub. 4 raket gəmisi 11 hədəfə 26 qanadlı raket zərbəsi endirib", - Şoyqu Putinlə görüşdə bildirib.
Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüş
Rusiya qırıcıları Suriya ərazisini sentyabrın 30-dan bombalayır. Rusiya Suriyada əməliyyatları Su-25 və Su-24M təyyarələri ilə həyata keçirir.
Xəzərdən İŞİD-in vurulma marşrutu
Rusiyanın rəsmi açıqlamasından əvvəl də Qərb və rus mətbuatlarında Suriya ərazinin Xəzər dənizindən bombaladığı barədə məlumatlar yayılmışdı. Rusiya qırıcılarının uçuş marşrutunun Azərbaycan, Xəzər dənizi, İran və İraq üzərindən keçdiyi göstərilir.
Rusiyanın İŞİD-i məhv edəcəyini qarşısına məqsəd qoyduğu bir vaxtda NATO, Ərəb dövlətləri, Avropa İttifaqı və digər dövlətlər buna etiraz edir. Onlar Rusiyanın İŞİD mövqelərini deyil, Bəşər Əsədə qarşı döyüşən müxaliflərin ərazilərini bombaladığını deyirlər.
Rusiya həmçinin Türkiyənin hava sərhədlərini pozmaqda günahlandırılır.
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Türkiyənin hava sərhədini pozması heç də təsadüfə oxşamır: “Rusiya hələ də Türkiyənin hava sərhədini niyə pozduğu haqda heç bir izahat verməyib. Bizim üçün bu sərhəd pozuntusu heç də təsadüf kimi görünmür. Xəbərdarlıqlara baxmayaraq, Rusiyaya məxsus Su-30 və Su-24 təyyarələri Türkiyə hava məkanına daxili olub. Biz Avropadakı müşahidə mərkəzlərindən hava sərhədlərinin pozulduğunu dəfələrlə müşahidə etmişik. Bu, yolverilməz haldır.”
Yens Stoltenberq - NATO -nun baş katibi
Hazırda isə Rusiya Suriyanı hansı dövlətlərin üzərindən keçərək, bombaladığını açıq şəkildə etiraf edir. Amma bu etirafın fonunda üzərindən keçdiyi dövlətin maraqlarını heç də nəzərə almır. Siyasi şərhçilər Rusiyanın Suriya ərazisini bombalamaq üçün istifadə etdiyi dövlətlərin İŞİD-in maraq dairəsinə daxil olacağını deyirlər. /anspress/