Putin Obama ilə dil tapa bilmədi
29.09.2015 481 0.0 0

Nyu-Yorkda ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında 2013-cü ilin yayından bəri ilk ikitərəfli görüş keçirilib.

Məlumata görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının sessiyasında iştirak edən iki ölkə liderlərinin görüşü BMT-nin qərargahında baş tutub.

ABŞ prezidenti ilə danışıqlardan dərhal sonra Vladimir Putin Suriyadakı vəziyyət və Rusiyanın bu münaqişənin tənzimlənməsində iştirakı, eləcə də, Ukraynanın şərqindəki münaqişə məsələlərinə də toxunub.

 


Vladimir Putin və Barak Obama görüşdən sonra 


Danışıqlar 55 dəqiqə nəzərdə tutulsa da, 1 saat 40 dəqiqəyə kimi davam edib. ABŞ administrasiya başçısının sözlərinə görə, vaxtın yarısı Ukrayna vəziyyətinə, digər yarısı isə Suriya münaqişəsinə sərf edilib. Rusiya prezidenti görüşün çox faydalı və səmimi keçdiyini deyib: "Bugünkü söhbət, artıq qeyd etdiyim kimi, çox konstruktiv, işgüzar və səmimi oldu", - deyə V. Putin jurnalistlərə bildirib.

O, həmçinin, əlavə edib ki, ABŞ bir çox məsələlər üzrə, o cümlədən, Ukraynadakı və Suriyadakı vəziyyətə dair Rusiya ilə ortaq fikirdədir.

Barak Obama da görüşdən sonra jurnalistlərə açıqlama verib: "Bir çox məsələlər üzrə ortaq məxrəcə gəldik. Amma fikir ayrılıqlarımız da az olmadı", - deyə ABŞ prezidenti vurğulayıb.

 


Vladimir Putin və Barak Obamanın məsələri müzakirə etməsi


Suriyada vəziyyətə toxunan Putin danışıqlardan sonra deyib ki, suriyalılar öz talelərini özləri həll etməlidirlər. Prezident Rusiya qoşunlarının Suriyada yerüstü əməliyyatlarda iştirakını da istisna edib.

Rusiya prezidenti, həmçinin, Moskvanın Vaşinqtonla son vaxtlar korlanmış münasibətləri bərpa etməyə hazır olduğunu vurğulayıb: "Biz münasibətləri inkişaf etdirməyə, onları tam həcmdə bərpa etməyə həmişə hazırıq” - deyə Putin bildirib.

Görüşdən əvvəl hər iki ölkə başçıları Assambleyanın tribunasından çıxış edərək, mühüm problemlər üzrə, xüsusən, Suriya məsələsində əks fikirlərini ifadə ediblər.

 


Vladimir Putin və Barak Obamanın BMT-də danışıqları


Barak Obama bəyan edib ki, nə qədər ki Bəşər Əsəd Suriya prezidentidir, Suriya münaqişəsini həll etmək mümkün olmayacaq.

Vladimir Putin isə B.Əsədə yardım göstərməyi vacib bilib, onun sözlərinə görə, ölkədə hal-hazırda yeganə hüquqi lider odur. Bundan başqa, Rusiya prezidenti ABŞ-ın mövcud Suriya hakimiyyəti ilə əməkdaşlıqdan imtina etməsini səhv adlandırıb.

Lakin, Obama öz xalqına qarşı müharibə aparan Bəşər Əsədin bundan sonra hər hansı bir barışığa təminatçı ola bilməsinə və bütün törətdiyi cinayətlərdən sonra Suriya diktatoru olmasına layiq olmadığını deyib. ABŞ prezidenti hakimiyyətin başqa bir siyasətçiyə verilməsi tərəfdarı olduğunu vurğulayıb.

Sonda, hər iki ölkə başçıları eyni fikirə gələrək, İŞİD-ə qarşı mübarizənin vacibliyini qeyd ediblər.

 

Vladimir Putin və Barak Obama görüşü

 

Sonuncu dəfə Vladimir Putin Barak Obama ilə 2013-cü il sentyabrın 5-6-sı Sankt-Peterburq şəhərində "Böyük iyirmiliyin" sammitində görüşüblər. Görüşdə əsas məsələ Ağ evin Rusiya ilə münasibətləri, raket əleyhinə müdafiə, silahlanma üzərində nəzarət kimi məsələlər müzakirə olunub.

 


Barak Obamanın Sankt-Peterburqda çıxışı/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar