Rusiya prezidenti Vladimir Putin Belarusun paytaxtı Minsk şəhərində Ukrayna prezidenti Petro Poroşenko ilə görüşüb.
Məlumata görə, bu haqda Rusiya mediası xəbər yayıb.
Xəbərdə deyilir ki, Müstəqillik Sarayında baş tutacaq sammit öncəsi hər iki ölkənin prezidentləri bir-birinin əlini sıxıb.
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov öncədən məlumat yaymışdı ki, Putinlə Poroşenko sammitdə Ukraynadakı vəziyyəti və bu ölkəyə edilən humanitar yardımı müzakirə edəcəklər.
Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko və Rusiya prezidenti Vladimir Putin avqustun 26-da Minskə sammitə toplaşan liderlər arasındadır.
Ölkə liderləri isə Gömrük Birliyinin sammitinə gəlib. Sammitdə Belarus prezidenti Lukaşenko, Qazaxıstan prezidenti Nazarbayev, eləcə də Avropa Birliyi rəsmiləri iştirak edir.
Avropa Birliyinin xarici siyasət rəhbəri Katerine Eştonun sözçüsü Maja Kocijancic Brüsseldə deyib ki, Minskdə danışıqlar Ukrayna böhranının həllini müzakirə etmək üçün imkandır.
Poroşenko və Putin axırıncı dəfə iyun ayında Fransada görüşüblər. O vaxt onlar ikinci dünya müharibəsində ikinci cəbhənin açılmasının 70 illiyi şənliklərinə qatılmışdı.//ANS PRESS