Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilib.
"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda M.Səlimovun hüquqlarını müdafiə edən şəxs vəsatətlə çıxış edib.
O, çıxışında məhkəmə tərkibinə etiraz etdiyini bildirib. M.Səlimov da vəkilinin vəsatəti ilə razı olduğunu deyib.
Məhkəmə heyəti müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər kollegiyası vəsatəti baxılmamış saxlayıb.
Daha sonra dövlət ittihamçısı çıxış edib. O, çıxışında M.Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
M.Səlimovun vəkili növbəti prosesdə çıxış edəcəyini bildirib.
Məhkəmənin növbəti prosesi aprelin 15-nə təyin edilib.
Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.