Azərbaycan Prezidenti İlham Əliyev bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Dövlət başçısı ölkədə kənd təsərrüfatı məhsullarının istehsalına sərf edilən yanacaq və motor yağlarına görə verilən güzəştin həcminin artırılması və təkrar (aralıq) əkinin həyata keçirilməsinin stimullaşdırılması məqsədilə qərara alıb ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 413 nömrəli Fərmanının 1.10.1.3-cü yarımbəndində “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” xərclərində nəzərdə tutulmuş vəsait hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində və çoxillik əkmələrin aparılmasında istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımın həcminin 25 faiz artırılmasını təmin etsin.
Sərəncamda qeyd olunur ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən yardım, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiya təkrar (aralıq) əkinlər aparan fiziki və hüquqi şəxslərə də ödənilsin.
Maliyyə Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb./trend/