Prezident İlham Əliyev, xanımı, “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva Veloparkın açılışında iştirak ediblər.
Dövlət başçısı və xanımı əvvəlcə Veloparkın baş planına baxıblar.
Daha sonra, prezident İlham Əliyevə burada görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində Avropa Oyunlarında istifadə olunacaq BMX veloparkı da inşa olunub. Burada maneəli yarış meydançası da qurulub. Meydançada yaradılan şərait Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam cavab verir. BMX veloparkında 1197 tamaşaçı yeri yaradılıb.
Orada yüksək səviyyəli qonaqlar, idmançılar, əlil tamaşaçılar və mətbuat nümayəndələri üçün xüsusi yerlər nəzərdə tutulub. Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar da var. Ofis binasının damında xüsusi örtüklü start meydançası, bundan əlavə, idmançıların hazırlanmaları üçün 20 hazırlıq çadırı quraşdırılıb. Ərazidə VİP, olimpiya ailəsi, beynəlxalq federasiya və rəsmi nümayəndələr üçün avto dayanacaq, qeydiyyat, fərdi yerləşdirmə və digər xidmət sahələri də mövcuddur.
Veloparkla tanışlıqdan sonra dövlət başçısı “Synergy Baku Cycling Project” velosiped komandasının üzvləri ilə görüşüb