Prezident Tərtərdə uşaq bağçası və körpünün açlışında olub
03.12.2016 971 0.0 0

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər rayonunun Sarıcalı kəndində Tərtər çayı üzərində inşa edilmiş yeni körpünün açılışında iştirak ediblər.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, Bərdə-İstisu avtomobil yolunun 10-cu kilometrliyində inşa edilmiş körpü barədə məlumat verdi.

Bildirildi ki, körpünün inşası Tərtər rayonunun strateji əhəmiyyətli ərazidə yerləşməsi və bu ərazidə 1947-ci ildə tikilən mövcud körpünün istismar müddətini başa vurması nəzərə alınaraq həyata keçirilib. Körpünün tikintisinə 2016-cı ilin iyununda başlanılıb və qısa müddətdə başa çatdırılıb. Üçaşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çay məcrasından hündürlüyü isə 15 metrdir. İkizolaqlı körpünün hərəkət hissəsinin eni 8,5 metrdir. Piyadaların körpüdə rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə hər bir istiqamət üzrə 1,75 metr enində səkilər də tikilib.

Layihə çərçivəsində 110 metr uzunluğunda beton mühafizə bəndi, 400 metr uzunluğunda yanaşma yolları və ümumi uzunluğu 56 metr olan beş dairəvi borunun tikintisi aparılıb.

Diqqətə çatdırıldı ki, Sarıcalı və Zolgəran kəndləri arasında inşa edilən körpü 11 yaşayış məntəqəsinin 25,6 min sakininin mənzil başına rahat çatması üçün məsafəni qısaltmaqla avtonəqliyyat vasitələrinin hərəkətini xeyli yaxşılaşdıracaq. Bundan əvvəl isə sakinlər rayon mərkəzinə və ətraf yaşayış məntəqələrinə getmək üçün təqribən 15 kilometrdən artıq əlavə yol qət etməli olurdular.

Dövlət başçısı körpünün rəmzi açılışını bildirən lenti kəsdi.

 

Daha sonra, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtər şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Рazırda ölkəmizdə uşaqların təlim-tərbiyəsinin təşkili və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm layihələr icra olunur. Azərbaycan dövlətinin uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyümələri naminə gördüyü işlər çərçivəsində mövcud körpələr evi-uşaq bağçalarının əsaslı təmiri ilə yanaşı, çoxlu sayda yeni belə müəssisələrin yaradılması geniş vüsət alıb. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi işinə dövlətimizlə yanaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində həyata keçirilən layihələr bu baxımdan çox mühüm rol oynayır. Uğurla icra edilən bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin məntiqi nəticəsidir.

Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, körpələr evi-uşaq bağçasının inşasına 2014-cü ilin iyulunda başlanılıb. Binanın ümumi sahəsi 1200 kvadratmetrdir. İkimərtəbəli binada ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Binada dörd oyun və dörd yataq otağı, mətbəx, tibb otağı, akt zalı, metodist, kompüter və digər texniki otaqlar var. Burada uşaqların istirahəti və əyləncəsi üçün yaradılan hərtərəfli şərait balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyət qurmaları məsələlərində də mühüm rol oynayacaq.

Bağçanın ərazisi dekorativ daş hasara alınıb, həyətdə su anbarı, qazanxana tikilib, transformator yarımstansiyası quraşdırılıb, əyləncə meydançası yaradılıb.

Körpələr evi-uşaq bağçasında 31 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar