Prezident İlham Əliyev Salyan rayonuna səfərə gəlib.
Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Salyan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, Salyanın sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılıb.
Daha sonra, Prezident İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyasının açılışında iştirak edib.
Azərişıq” ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına yeni yarımstansiya barədə məlumat verib. B.Rzayev bildirib ki, yeni yarımstansiya Salyan rayonunun böyük hissəsini, xüsusən də dövlət əhəmiyyətli obyektləri - Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkı, Salyan Rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana, çoxlu sayda sənaye, təhsil, tibb və məişət təyinatlı obyektləri elektrik enerjisi ilə təmin edir. Bundan əlavə, qeyri-neft sektorunun - kənd təsərrüfatı, sahibkarlıq, sənaye sahələri və digər infrastruktur layihələri üzrə inşa ediləcək obyektlərin elektrik enerjisi ilə təminatı bu yarımstansiyadan həyata keçiriləcək.
Bundan başqa, Prezident İlham Əliyev Salyana səfəri çərçivəsində 1200 şagird yerlik Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binasının və Bayraq Muzeyinin açılışında iştirak edib.
Dövlət başçısı müzey və məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında da iştirak edib.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
Bildirilib ki, ümumi uzunluğu 30 kilometrdən çox olan yolun 17,4 kilometri Prezident İlham Əliyevin 2014-cü və 2015-ci illərdə imzaladığı sərəncamlara əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 12,8 kilometrinin yenidən qurulması isə dövlətimizin başçısının ötən il imzaladığı Sərəncamla “Azəravtoyol” ASC-yə həvalə edilib.
Bildirək ki, Prezident İlham Əliyev Salyanın Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olub.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov kompleks barədə dövlətimizin başçısına məlumat verib.