Məlumata görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Dəyişikliklərə əsasən, qanunun 284.1-ci maddəsinin sanksiyasında “iki ildən beş ilədək” sözləri “üç ildən altı ilədək”, 284.2-ci maddənin sanksiyasında isə “üç ildən yeddi ilədək” sözləri “dörd ildən səkkiz ilədək” sözləri ilə əvəz edilib.
Həmçinin qanuna aşağıdakı məzmunda 284-1-ci maddə əlavə edilib:
“Maddə 284-1. Dövlət sirri təşkil edən məlumatların qanunsuz əldə edilməsi
Dövlət sirri təşkil edən məlumatların, məzmununda dövlət sirri olan sənədlərin, habelə barəsindəki məlumatlar dövlət sirri olan əşyaların zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, talama, aldatma yolu ilə, yaxud məxfi məlumatların gizli əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi və ya digər texniki vasitələrdən istifadə etməklə qanunsuz əldə edilməsi, dövlətə xəyanət və ya casusluq əlamətləri olmadıqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”./apa/