Prezident sərəncam imzalayıb
04.10.2017 1094 0.0 0

Azərbaycan Respublikasının Prezidenti Şamaxı şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Qazeta.info bildirir ki, prezidentin imzaladığı sərəncamda deyilir:

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Şamaxıda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Müalicə-Diaqnostika Mərkəzi, Şəhər İncəsənət Təhsil Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 48 mənzilli 3 yaşayış binası inşa edilmiş, Olimpiya İdman Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Şamaxı Cümə Məscidi, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq-Gənclər Şahmat Məktəbi, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, ən müasir tələblərə cavab verən turizm obyektləri, təhsil ocaqları istifadəyə verilmiş, şəhərin içməli su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri istehsal müəssisələri yaradılmış, 15 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şamaxı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Şamaxı şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri, həmçinin abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 43 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün 2,0 (iki) milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,0 (bir) milyon manat ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin."


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar