Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağırov vəzifəsindən azad edilib. Məlumata görə, bununla bağlı Azərbaycan prezidenti müvafiq sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Vahab Məmmədov Dövlət Statistika Komitəsi sədrinin birinci müavini təyin edilib.
V. Məmmədov 1963-cü il avqustun 27-də Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İqtisad elmləri namizədidir. 1987-ci ildə Əli Bayramov adına Bakı istehsalat birliyində mühasib, 1987-1992-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda iqtisadçı və elmi işçi vəzifəsində işləyib. 1988-1991-ci illərdə aspiranturada təhsilini davam etdirmiş və Moskva şəhərində Mərkəzi Əmək İnstitutunda elmi işini müdafiə edib. 1992-1993-cü illərdə Əmək və Sosial Məsələlər Komitəsində aparıcı iqtisadçı, baş iqtisadçı, 1993-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdirinin müavini, 1994-1997-ci illərdə Əlillərin Sosial Müdafiəsi Fondunda sədrin müavini, 1997-2015-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisinin müavini, idarə rəisi, şöbə müdiri vəzifələrində çalışıb. Bununla yanaşı, 2000-2001-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində direktor vəzifəsində işləyib. 2015-ci il oktyabr ayının 19-dan Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.
Dövlət qulluğunun müşaviridir. Evlidir, iki övladı var./apa/