Azərbaycan Respublikasına rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun aprelin 2-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumu qarşılayıb.
Daha sonra Fəxri qarovul dəstəsinin rəisləri qaydalara uyğun olaraq hər iki prezidentə raport verib və Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktuma, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun qarşısından keçib.
Prezident İlham Əliyev və Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum rəsmi foto çəkdirdiblər.
Qazeta info bildirir ki, Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun geniş tərkibdə görüşü olub.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı və birgə investisiyalar, turizm və digər məsələlər müzakirə olundu.
Görüşdə regional təhlükəsizlik və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Halların, Böhranların və Fəlakətlərin İdarə Edilməsi Komitəsi arasında fövqəladə halların idarə olunması sahəsində Anlaşma Memorandumunu Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Məhəmməd Qarqaş imzalayıblar.
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Qiymətli Kağızlar və Əmtəə Komitəsi arasında yardım və qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsuri imzalayıblar.