Prezident İlham Əliyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Jose Qratsiano Da Silvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qazeta.info bildirir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Jose Qratsiano Da Silva ilə Romadakı son görüşünü məmnunluqla xatırlayan dövlətimizin başçısı onun ölkəmizə səfərinin və keçirdiyi görüşlərin məhsuldar və uğurlu olacağına əminliyini ifadə etdi. Azərbaycanla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlığın fəal şəkildə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin genişləndirilməsi üçün böyük planların olduğunu qeyd edib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Jose Qratsiano Da Silva Minilliyin İnkişaf Məqsədləri üçün dünyanın 128 ölkəsinin yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürdüyünü və bu ölkələrdən yalnız 18-nin buna nail olduğunu vurğuladı. Bu öhdəlikdən sonra həmin ölkələrin yoxsulluğun 5 faizdən aşağı endirilməsini hədəf götürdüklərini qeyd edən Baş direktor Azərbaycanın dünyada buna nail olan 29 ölkədən biri olduğunu vurğulayaraq, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bu ilin iyununda keçirəcəyi konfransda ölkəmizin bu təşkilatın xüsusi medalı ilə təltif ediləcəyini dedi. O, Azərbaycanın əldə etdiyi bu nailiyyətlərin xüsusi ilə region ölkələri üçün yaxşı nümunə olacağını da bildirilib.
Görüşdə Azərbaycanla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.