Dövlət başçısı Azərbaycan Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. İqtisadi sahədə əldə olunan nailiyyətlərə toxunan Prezident İlham Əliyev bildirdi ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər nəticəsində bu, Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyib. İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını qeyd edib.
Qazeta.info bildirir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti Azərbaycanın etibarlı tərəfdaş olduğunu və rəhbərlik etdiyi qurumun ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyib. Suma Çakrabarti Azərbaycanda həyata keçirilən layihələrdən məmnun olduğunu bildirdi. O, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlərin önəmini qeyd edib.
Daha sonra, görüşdə ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın enerji infrastrukturunun yaradılması, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.