Azərbaycan Respublikasının Prezidenti “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 899-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Qazeta.info Prezidentin mətbuat xidmətinə istinadla bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 899-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin."
Qazeta.info bildir ki, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilərək aşağıdakı kimi əks olunub.
"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununu “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 539-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 82; 2001, № 12, maddə 736; 2002, № 3, maddə 116, № 5, maddə 245; 2004, № 2, maddələr 57, 58; 2005, № 4, maddə 278; 2007, № 8, maddə 752, № 11, maddə 1079; 2009, № 4, maddə 212, № 8, maddə 611; 2010, № 3, maddə 172; 2015, № 2, maddə 82, № 11, maddələr 1258, 1292; 2016, № 1, maddə 40, № 5, maddə 837, № 12, maddə 1986) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü maddənin üçüncü abzasına “internet” sözündən sonra “informasiya ehtiyatı” sözləri əlavə edilsin.
2. 5-ci maddənin birinci hissəsinə “Məlumat azadlığı haqqında”,” sözlərindən sonra “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”,” sözləri əlavə edilsin.
3. 10-cu maddəyə “sirləri” sözündən sonra “, habelə yayılması qadağan edilən digər informasiyanı” sözləri əlavə edilsin.
4. Aşağıdakı məzmunda 19-1-ci maddə əlavə edilsin:
“Maddə 19-1. İnternet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”."