“Bu il “Azərişıq” tərəfindən bütün bölgələri dayanıqlı enerji ilə təmin etmək üçün əlavə işlər görülməli, yeni yarımstansiyalar, dayaqlar quraşdırılmalıdır”.
Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib. O bildirib ki, bu il “Azəriqaz” ən azı 80 kəndə qaz xətləri çəkməlidir: “Bu il qazla təminat 94 faizə çatdırılmalıdır”.
Prezident qeyd edib ki, “Azəravtoyol” 40 kənd yolu layihəsini icra etməlidir: “Bu, həm insanlara rahatlıq verəcək, həm də iqtisadi inkişafa mühüm təsiri olacaq”.
Dövlət başçısının sözlərinə görə, bu il Ələt Beynəlxalq Dəniz Limanı layihəsinin birinci mərhələsi başa çatmalıdır: “Digər nəqliyyat layihələrinin icrasına gəlincə, Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı Azərbaycan üzərinə düşən işləri görüb. Biz gəmiqayırma zavodu hesabına donanmamızı yeniləşdiririk, Xəzəryanı ölkələri də gəmilərlə təmin edə bilərik”.
Prezident “Azərsu”ya da tapşırıqlar verib: “Bakının fasiləsiz su təminatı 80 faizə çatıb, ölkə üzrə bu göstərici 65 faizdir. Bu göstərici daha da artmalıdır. Biz bu proqrama başlayanda fasiləsiz su təminatı 25 faiz idi. Bu il minimum 50 kənddə sutəmizləyici qurğular quraşdırılmalıdır. Digər tərəfdən, meliorasiya sahəsində böyük işlər görülməlidir. Bu il 150-160 min hektar torpağa suyun verilməsi təmin edilməlidir. Biz buna nail olmalıyıq. Bu layihələrin icrası nəticəsində ixrac potensialımız artmalıdır. Yeni suvarılacaq torpaqlarda hansı məhsulların əkilməsi ilə əlaqədar hazırda işlər gedir. İlk növbədə daxili tələbat ödənilməli, sonra ixrac olmalıdır”.
Dövlət başçısı görüləcək işlərə güclü dövlət və ictimai nəzarət həyata keçirilməli olduğunu vurğulayıb: “Ağdam rayonunda 30 artezian quyusunun qazılması xahiş olundu. Bunun nəticəsində 1000 hektar torpağın suvarılması təmin olunacaq. Kürdəmirdə 15800, Hacıqabulda 4800, İmişlidə 3000, Neftçalada 8000, Şəmkirdə 8000, Ucarda 2100 hektar yeni torpaq sahələri suvarılacaq. Bu işlər yerli icra hakimiyyəti orqanlarının xətti ilə həyata keçiriləcək. Meliorasiya və Su Təsərrüfatı ASC-nin həyata keçirdiyi layihə nəticəsində Arazın yeni qolu sayəsində 40 min hektar torpaq sahəsi suvarılacaq. Ümumilikdə 160 min hektara yaxın yeni əkin sahələri yaradılacaq. Mən bu rəqəmləri ona görə səsləndirirəm ki, ictimaiyyət bunu bilsin və nəzarət etsin. İlk dəfə bu işlərin bir hissəsini rayon icra hakimiyyətlərinə həvalə edirik və bu işlər görülməlidir”./apa/