Prezident İlham Əliyevin bibisi vəfat edib
06.05.2017 817 0.0 0

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. Respublikanın tanınmış kimyaçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əlirza qızı Əliyeva 2017-ci il may ayının 6-da ömrünün 85-ci ilində vəfat edib.
 
Məlumata görə,  Azərbaycan prezidenti İlham Əliyev Rəfiqə Əliyevanın vəfatı ilə əlaqədar başsağlığı verib. Nekroloqda deyilir:
 
Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində alıb.
 
Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958–1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləmiş və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub. O, 2001 ci ildən “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib.
 
Rəfiqə Əliyeva 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib və həmin ildə professor adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.
 
Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunub. Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlib. Ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib.
 
450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olub. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktorları yetişdirilib.
 
Tanınmış kimyaçı alim Rəfiqə Əliyevanın məhsuldar elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. O, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilib.
 
Tanınmış pedaqoq və alim Rəfiqə Əliyevanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
 
Allah rəhmət eləsin!
 
İlham Əliyev
 
Mehriban Əliyeva
 
Artur Rasizadə
 
Oqtay Əsədov
 
Ramiz Mehdiyev
 
Vasif Talıbov
 
Elçin Əfəndiyev
 
Hacıbala Abutalıbov
 
Akif Əlizadə
 
Fatma Abdullazadə
 
Mikayıl Cabbarov
 
Hicran Hüseynova
 
Abel Məhərrəmov
 
Tofiq Nağıyev
 
İbrahim Quliyev
 
Dilqəm Tağıyev
 
İsa Həbibbəyli
 
İsmayıl Hacıyev
 
Vaqif Fərzəliyev
 
Vaqif Abbasov
 
Mərhumun cənazəsi vidalaşmaq üçün 2017-ci il mayın 7-də saat 14.00-dan 16.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaq. 
 
Qeyd edək ki, Rəfiqə Əliyeva Azərbaycan prezidenti İlham Əliyevin bibisidir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar