Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Qazeta.info "Report"un xəbərinə əsasən bildirir ki, dövlət başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.
Eyni zamanda dövlət başçısı Rusiyada keçirilən parlament seçkilərində “Единая Россия” partiyasının əldə etdiyi böyük qələbə münasibətilə təbriklərini çatdıraraq qeyd edib ki, bununla Rusiya xalqı Vladimir Putinin həyata keçirdiyi siyasətə bir daha öz dəstəyini nümayiş etdirib.
Daha sonra Prezident İlham Əliyev Rusiya Prezidentinin Bakıda keçirilən V Beynəlxalq Humanitar Foruma göndərdiyi məktuba və Rusiya tərəfinin forumda yüksək səviyyədə təmsil olunmasına görə minnətdarlığını bildirib.
Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə, təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, öz növbəsində, Azərbaycanda keçirilən referendumun nəticələri ilə bağlı təbriklərini çatdırıb və bildirib ki, Azərbaycan xalqı bu referendumda səs verməklə Prezident İlham Əliyevin siyasətinə öz dəstəyini ifadə edib.
Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əlaqələrin inkişafından məmnunluq ifadə edib və əməkdaşlığımızın bundan sonra da uğurla davam etdiriləcəyinə əmin olduqlarını bildiriblər.