Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından birinci Avropa Oyunları ilə bağlı Olimpiya Ailəsinin üzvləri üçün qəbul təşkil edilib.
Azertag.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri qəbulda iştirak ediblər.
Mərasimdə həmçinin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Janez Kocijançiç, Avropa Olimpiya Komitəsinin baş katibi Rafael Paqnozzi, Avropa Olimpiya Komitəsinin xəzinədarı Kikis Lazarides, “Bakı-2015” birinci Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin sədri Spiros Kapralos, həmin komitənin sədr müavini Zlatko Matesa, Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Gunilla Lindberq, Avropa Olimpiya Komitəsinin Atletlər Komissiyasının sədri Jan Mişel Saive, Avropa Olimpiya Komitəsinin icraiyyə komitəsinin Türkiyə, Rusiya, Böyük Britaniya, İspaniya, Litva, Slovakiya, Polşa, Danimarka, Lüksemburq, Almaniya və İsraildən olan üzvləri, həmçinin idman ictimaiyyətinin digər tanınmış nümayəndələri, nüfuzlu idman xadimləri və dünya səviyyəli idmançılar iştirak ediblər.
Tədbirdə çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki "Bakı-2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə prezident İlham Əliyevi və Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanı xatirə hədiyyəsi ilə təltif edib:
"Cənab Prezident, bu, həqiqətən də böyük nailiyyətdir. Sonda Sizə və birinci xanıma, ölkənizin bütün vətəndaşlarına, bu işlərə cəlb edilən bütün insanlara bizə göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən qonaqpərvərlik inanılmazdır. Son bir neçə gündür ki, həmkarlarımı dinləyirəm və onlardan eşidirəm ki, getdikləri bütün idman məkanları valehedicidir.
Cənab Prezident, Sizə və birinci xanıma bu tarixi Avropa Oyunları münasibətilə xatirə hədiyyəsi təqdim etmək istəyirəm. Düşünürəm, bu, o qədər əlamətdar məqamı əks etdirir ki, Siz onu gələcəkdə muzeyə verməli olacaqsınız. İcazənizlə, cənab Prezident, ilk hədiyyəni Sizə təqdim etmək istəyirəm".
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim etdi./anspress/