İlham Əliyev Yevlax rayonuna səfəri çərçivəsində İlham Əliyev Varvara balıqartırma müəssisəsinin və Varvara Su Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev Yevlax rayonuna səfəri çərçivəsində Varvara Su Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlət başçısının rəhbərliyi ilə son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb. Bu işlərin nəticəsində ölkə iqtisadiyyatının bütün sahələri kimi elektroenergetika sistemində də köklü dəyişikliklər aparılır, əsaslı islahatlar həyata keçirilir. Bu istiqamətdə görülən işlərin arasında yeni su elektrik stansiyalarının inşası, mövcud olanların isə əsaslı şəkildə yenidən qurulmasına xüsusi diqqət yetirilir. Yevlaxda Varvara Su Elektrik Stansiyasının yenidən qurulması da bu qəbildən olan tədbirlərdəndir. Bu layihələrin icrası həm bölgələrin enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, həm də regionların inkişafına və əlavə iş yerlərinin açılmasına zəmin yaradır.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına Varvara Su Elektrik Stansiyasında görülən yenidənqurma işləri barədə məlumat verdi. Diqqətə çatdırıldı ki, qoyuluş gücü 16,5 MVt olan Varvara Su Elektrik Stansiyası 1954-1957-ci illərdə inşa olunub. Ümumilikdə 3 hidroaqreqatdan ibarət olan bu stansiyanın 1-ci hidroaqreqatı 1956-cı ildə, digər iki hidroaqreqatı isə 1957-ci ildə istismara verilib. Həmin vaxtdan ötən 60 ildə stansiyanın avadanlıqları fiziki cəhətdən köhnəlib, gücü nəzərəçarpacaq dərəcədə aşağı düşüb. 1990-cı ildən sonra isə stansiya cəmi 2-3 MVt güclə işləyib. Buna görə də 2010-cu ildən başlayaraq Mingəçevir Su Elektrik stansiyaları silsiləsinin yenidən qurulması layihəsi çərçivəsində Varvara Su Elektrik Stansiyasında da yenidənqurma işləri həyata keçirilib və uğurla başa çatdırılıb.
Məlumat verildi ki, yenidənqurma işləri çərçivəsində stansiyanın bütün hidrogeneratorları və hidroturbinləri yeniləri ilə əvəzlənib. Bunun nəticəsində isə stansiyanın gücü artaraq 18 MVt-a çatıb. Stansiyanın binası müasir tələblər nəzərə alınmaqla yenidən qurulub. Bundan başqa, 35 kilovoltluq qapalı paylayıcı qurğu və müvafiq ötürücü şəbəkə tam yenilənib, idarəetmə və tənzimləmə sistemi texnologiyanın son nailiyyətlərindən istifadə edilməklə müasirləşdirilib, bütün köməkçi avadanlıqlar təzələnib. Yenidənqurma zamanı sunəqledici kanalın sağ və sol sahillərində bərkitmə işləri görülüb, güc və xüsusi sərfiyyat transformatorları daha güclüləri və yeniləri ilə əvəz edilib.
Diqqətə çatdırıldı ki, Varvara Su Elektrik Stansiyası Mingəçevir SES-in su sərfiyyatını tənzimləməklə yanaşı, ildə orta hesabla 100 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal etməyə imkan verəcək.
Prezident İlham Əliyev Varvara Su Elektrik Stansiyasını işə saldı.
Avadanlıqların təchizatı, eləcə də tikinti-quraşdırma işləri “Azərenerji” ASC-nin sifarişi ilə yerli “Azenco” şirkəti tərəfindən həyata keçirilib. İşlərin keyfiyyətlə və vaxtında icra edilməsi üçün bütün qüvvələr səfərbər olunub. Yenidənqurma işlərinə 150 nəfərdən çox yerli mütəxəssis cəlb edilib. Stansiyanın ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb, müasir işıqlandırma sistemi yaradılıb, ətraf mühitin mühafizəsi gücləndirilib və yeni yaşıllıq zolağı salınıb.
Qeyd edək ki, Varvara Su Elektrik Stansiyasının yenidən qurulması ilə yanaşı, son vaxtlar 12 su elektrik stansiyası işə salınıb. Bu il daha bir neçə su elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, 2017-ci ildə Mingəçevir Su Elektrik Stansiyasının yenidən qurulmasının başa çatdırılması da planlaşdırılır.
*****
İlham Əliyev Varvara balıqartırma müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Yevlax rayonuna səfəri çərçivəsində Varvara balıqartırma müəssisəsinin açılışında iştirak edib.
Müəssisənin direktoru Məhəmməd Allahverdiyev dövlət başçısına burada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, müəssisənin yaradılmasına 2008-ci ildən başlanılıb.
Müəssisənin ümumi sahəsi 750 min kvadratmetr, su sahəsi isə 85 min kvadratmetrdir. Burada sahəsi 474 kvadratmetr olan 87 plastik hovuz, sahəsi 22 min 449 kvadratmetr 463 beton hovuz, nərəcinsli balıqlar üçün 17, axçalı balıqlar üçün isə 11 nohur yaradılıb. Müəssisədə ilkin mərhələdə ildə 15 min kiloqram qara kürü, 112 min kiloqram axçalı balıqlar, yəni sazan, ağamur, enlialın, 200 min kiloqram nərəcinsli balıqlar, 28 milyon nərəcinsli balıq körpəsi istehsal ediləcək. 2020-2023-cü illərdə nərəcinsli balıq körpələrinin sayını 50 milyona çatdırmaqla qara kürü və balıq əti istehsalının artırılması nəzərdə tutulub.
Prezident İlham Əliyev müəssisənin fəaliyyətini və inkişaf istiqamətini əks etdirən stendlərə baxdı.
Dövlət başçısına müəssisənin inkişaf planı, ərazidəki tikililər və Mingəçevir su hövzəsinin balıqartırma sahəsi barədə məlumat verildi. Bildirildi ki, Mingəçevir su hövzəsinin balıqartırma sahəsində nərəcinsli balıqlar üçün sahəsi 9067 kvadratmetr olan 87 plastik qəfəs quraşdırılıb. Bundan başqa, burada tor yumaq üçün üzən qurğu və üzən qaldırıcı kran da var. Mingəçevir balıq zavodunda isə inkubasiya sexi, beton hovuzlar, soyuducu və yem anbarları, helikopter meydançası, yeməkxana, ofis binası, qazanxana da inşa olunub.
Məlumat verildi ki, Varvara balıqartırma müəssisəsində istehsal ediləcək nərəcinsli körpələrin bir qismi müəssisədə saxlanılacaq, bir qismi isə IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Kür çayına buraxılaraq Xəzər dənizinin bioresurslarının bərpasına yönəldiləcək. Hazırda müəssisədə müxtəlif yaşda və çəkidə 93 min 665 ədəd, o cümlədən 1 762 ədəd kələmo, 4 min 964 ədəd hibrid, 16 min 689 ədəd nərə, 15 min 524 ədəd uzunburun (sevrüqa) və 54 min 726 ədəd bölgə (beluqa) balıqları var.
Müəssisədə quraşdırılan xüsusi ultrasəs müayinəsi aparatı ilə balıqlarda kürünün hansı səviyyədə olması yoxlanılır. Bu isə kürüalmada daha səmərəli üsullardan hesab olunur. Balıqlar tam təbii yemlərlə qidalanır. Nərəcinsli balıqların körpələri Rusiyanın Həştərxan vilayətindən gətirilib, Xıllı nərə balıqartırma zavodundan alınıb, bəziləri isə müəssisədə inkubasiya edilib.
Müəssisənin kürü emalı sahəsində olan dövlətimizin başçısına məlumat verildi ki, bu sahə müasir tələblər səviyyəsində qurulub.
Prezident İlham Əliyevə kürünün konservləşdirilməsi prosesi nümayiş etdirildi.
Körpə balıqların yemlənməsi üçün müəssisədə təbii yem və qara kürü sahələri yaradılıb, soyuducular, ehtiyat elektrik generatorları, transformator və videomüşahidə sistemi qurulub, optik internet xətti çəkilib və 29 nəqliyyat vasitəsi alınıb. Burada müasir laboratoriyalar və hər saatdan bir suyun temperaturunu, tərkibini və oksigenini ölçmək üçün cihazlar qurulub.
Bildirildi ki, istehsal edilən məhsulların bir hissəsinin yerli bazarlara çıxarılması, bir hissəsinin isə ixrac edilməsi nəzərdə tutulur. Hazırda müəssisədə 247 nəfər daimi iş yeri ilə təmin olunub. Burada orta əməkhaqqı 500 manatdır.
Onu da deyək ki, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu ilə birgə balıqşünas, ixtioloq, ixtiopatoloq, bioloq ixtisasları üzrə mütəxəssislərin hazırlanması istiqamətində tədbirlər həyata keçirilir.
Bu gün ölkəmizdə qeyri-neft sektorunun şaxələndirilməsi və bir çox sahələri əhatə etməsi müşahidə olunur. Bu sırada Azərbaycanda balıq sənayesinin inkişaf etdirilməsi də xüsusi əhəmiyyətə malikdir. Ölkəmizdə qədim ənənələri olan bu sahədə yeni texnologiyaların tətbiq olunması, dünya standartlarına cavab verən ixrac məhsullarının hazırlanması indi qarşıda duran prioritet məsələlərdən biridir. Digər tərəfdən bu sənaye sahələrinin regionlarda inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulan məqsədlərin reallaşdırılması bölgələrdə başlanan inkişaf proseslərinin daha güclü xarakter almasına imkan verir.
Müəssisə ilə tanış olan dövlət başçısı kollektivə uğurlar arzuladı.